Tarix boyu ən çox müharibələrə şahid olan ölkələrdən biri də Əfqanıstandır. Baş verən müharibələrin Əfqanıstanda xeyli fəsadları olub. Əfqanıstan hazırda da həmin fəsadlarla mübarizə aparır. 1980-ci ildən bəri Əfqanıstanda baş verən müharibələr nəticəsində əraziyə xeyli sayda minalar yerləşdirilib. İnsanlar hələ də bir çox əyalətlərdə qalan mina və partlamamış hərbi sursatlarla qarşılaşırlar.
AZXEBER.COM Əfqanıstandakı minalar və minatəmizləmə prosesində Əfqanıstan təcrübəsi haqqında araşdırma edib.
1998-ci ildən bəri Əfqanıstanda minalardan təmizlənmə əməliyyatlarında milyonlarla mina və müharibə qalığı partladılıb. Bunların əksəriyyəti Əfqanıstan-Sovet müharibəsi dövründə təchizat zəncirlərini və dayaqlarını qorumaq üçün Sovet qoşunları tərəfindən taktiki olaraq buraxılıb.
Əfqanıstan mina və partlamamış hərbi sursatların təhlükə yaratdığı ölkələr arasında ilk yerlərdədir.
2002-ci ilə qədər mina və partlamamış hərbi bombalar hər gün orta hesabla 25 nəfərin ölümünə və ya yaralanmasına səbəb olurdu. 2015-ci ildə yol kənarına və tarlaya qoyulmuş mina partrlaması nəticəsində 1100 mülki şəxs həyatını itirdi.
Əfqanıstan Mina Təmizləmə Koordinasiya Mərkəzinin verdiyi məlumata görə, vətəndaş müharibələrindəki minaların partlaması nəticəsində həyatını itirənlərin əksəriyyəti uşaqlardır. Uzun müddət ağır müharibələrə şahid olmuş Əfqanıstan torpaqlarında hazırda mina və sursatların partlaması nətisəsində hər ay 140-150 nəfər insan yaralanır və ya həlak olur.
Əfqanıstanın Helmand, Kandahar, Zabul, Uruzgan, Pervan, Host, Nangarhar, Logar, Baglan kimi bölgələri ən çox minalanmış vilayətlər sırasındadır.
Bunlardan bəziləri Taliban təşkilatı ilə şiddətli qarşıdurmaların şahidi olub.
Əfqanıstan höküməti mina və partlayıcı maddələrin olduğu ərazilərin 2023-cü ilə qədər təmizlənəcəyini qeyd edib. Hökümətin dediyinə görə, bu işi həyata keçirmək üçün hər il 80 milyon dollara ehtiyac var. Bütün bunlara baxmayaraq Əfqanıstan mintəmizləmə prosesində ciddi təcrübəyə malik olan ölkələr arasında liderdir. Elə buna görə də bir çox dövlətlər lazım gəldikdə minatəmizləmə prosesində Əfqanıstan təcrübəsindən yararlanır.
Bildiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində hazırda minatəmizləmə işləri aparılır. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ordumuzun həyata keçirdiyi fəaliyyətlər arasında əsas yeri sərhədlərimizin təhlükəsizliyi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatların təmizlənməsi işi tutur.
Bu prosesdə Azərbaycan öz təcrübəsi ilə yanaşı beynəlxalq təcrübədən də yararlanır.
Pakistanın, Türkiyənin minatəmizləmə təşkilatları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə bu işləri sürətlə davam etdirir.
Qeyd edək ki, Ermənistan tərəfinin minalanan sahələrin xəritələrini indiyədək Azərbaycana verməməsi bu proseslərin bir qədər uzanmasına səbəb olur.
Buna baxmayaraq dövlətimiz minatəmizləmə işlərinin qısa müddətdə yekunlaşması və Azərbaycan xalqının öz tarixi torpaqlarına qısa zamanda qayıtması üçün bütün gücünü səfərbər edib. Amma rəsmi icazəsi olmayan şəxslərin həmin ərazilərə daxil olması çox təhlükəlidir. Buna görə də vətəndaşlarımız bir qədər də səbr etməklə qısa zamanda öz torpaqlarımıza qayıtmaqda yardım edə bilərlər.
ANAMA-nın vətəndaşlara müraciətini bir daha təqdim edirik:
"İşğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır”.
Aydın Nuri,
AZXEBER.COM
AZXEBER.COM