“”5-ci kolon”un “simasızları” yenidən fəallaşıblar” - Deputat

“”5-ci kolon”un “simasızları” yenidən fəallaşıblar” - Deputat
SİYASƏT
09:55 24.02.2026
423
""5-ci kolon” yenidən işlək vəziyyətə gətirilir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, onlar daxildəki qüvvələrdən istifadə edərək qarayaxma kampaniya aparırlar:

"Azərbaycan mühüm beynəlxalq əhəmiyyətli uğurlara, nailiyyətlərə imza atdıqca anti-Azərbaycan dairələri fəallaşır, gecə-gündüz böhtan istehsalı ilə məşğul olurlar. Böhtanların yayılmasını və tirajlanmasını təşkil edirlər. Bu məqsədlə, sapı özümüzdən olan baltaların fəaliyyətindən yararlanırlar. "5-ci kolon” yenidən  işlək vəziyyətə keçirilir”.

Deputat söyləyib ki, yaxın keçmişdə də eyni hadisələrin şahidi olmuşuq: 

"I Avropa Oyunları zamanı anti-Azərbaycan dairələri fəal şəkildə qarayaxma kampaniyası apardılar, IV İslam Həmrəyliyi Oyunları dövründə də oxşar tendensiyalar müşahidə olundu. 
COP29 tədbirinə Azərbaycan ev sahibliyi edərkən, bu qüvvələr yenidən fəallaşdılar və həmin beynəlxalq tədbirə qarşı boykot siyasəti həyata keçirməyə çalışdılar. Yenə də daxildəki bəzi qüvvələrdən, milli maraqlara zidd fəaliyyət göstərən şəxslərdən istifadə etdilər və onların vasitəsilə müxtəlif qarayaxma kampaniyaları təşkil olundu”. 

Deputat qeyd edib ki, sülh prosesi dönməz xarakter alıb və bunu gözü götürməyənlər çoxdur:

"2025-ci ilin avqust ayında Vaşinqton şəhərində mühüm sənədlər imzalandı, tarixi naliyyətlər oldu. Sülh prosesi dönməz xarakter alıb. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, müvafiq razılaşmalar əldə olunub. Bu prosesdə Donald Trump tərəfindən də Azərbaycanın rolu yüksək qiymətləndirilir. Donald Tramp İlham Əliyev şəxsiyyətinə və fəaliyyətinə verdiyi yüksək qiymət Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”.

Parlamentari qeyd edib ki, "5-ci kolon” nümayəndələri siyasi həyasızlıq göstərirlər:

"Bütün bu reallıqlar fonunda "5-ci kolon”un "simasızları” yenidən fəallaşıblar. Onlar Azərbaycan dövlət başçısını tənqid etməklə kifayətlənmir, eyni zamanda ABŞ Prezidentini də hədəf almağa çalışırlar. Siyasi həyasızlıq nümunəsi nümayiş etdirirlər”. 

E.Nəsirov bildirib ki, Vaşinqtonda Prezidentin Təhlükəsizlik Xidmətinin davranışı tam qanuni olub:

"Son hadisələr zamanı Prezidentin təhlükəsizlik xidməti əməkdaşları öz vəzifələrini qanun çərçivəsində və peşəkarlıqla yerinə yetirdilər. Buna baxmayaraq, bəzi dairələr bu hadisəni təhrif edərək hüquq pozuntusu və insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Halbuki oxşar hallar digər ölkələrdə də baş verir. Məsələn, ABŞ Prezidentinin Florida ştatındakı iqamətgahına da bir şəxs silahlı hücum etmək istəyib. Lakin təhlükəsizlik qüvvələri tərəfindən həmin şəxs yerindəcə güllələnib. Ona görə də anoloji hadisələr müzakirə olunmalı, eyni hadisələr zamanı başqa ölkələrin necə davrandığına baxmaq lazımdır. 
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin davranışı tam qanuni, adekvat və zəruri olub”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR