"Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir şans deyil, 1-4-cü qrupda 2 dəfə imtahan vermək şansı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanları keçirək".
Bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadənin sözlərinə görə, artıq 2 ildir ki, abituriyentlərə 2 ixtisas qrupu seçməyə imkan verilir: "Bu il biz 1-4-cü qruplara 2 dəfə imtahan vermək imkanı da yaradırıq. Bu ilki məzunların 1-ci imtahanda iştirak pulunu dövlət ödəyəcək, digərini abituriyent ödəyəcək. Araşdırmalarmıza görə, ötən il ali məktəblərə ərizə verən və buraxılış vərəqəsi alan abituriyentlərin 8,4 faiz imtahana gəlmirdi. Yəqin ki, yeni qaydalar belə halların qarşısını alacaq".
Sədr qeyd edib ki, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin Sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq: "Bu sənəd gənclərin imtahanda iştirakına çox müsbət təsir göstərəcək, onların təhsil almasına çox böyük təkan olacaq. Təbii ki, bu ilin məzunlarının hamısı qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət edənlər olacaq".
///Trend