Azərbaycanın Yevlax rayonunda “Karvan” futbol klubuna məxsus avtobus qəzaya uğrayıb. Yevlax Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün 13:00 radələrində Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində qeydə alınıb. Avtobusun yük maşını ilə toqquşması nəticəsində sürücü və 6 futbolçu xəsarət alıb.
Bunlar 1975-ci il təvəllüdlü Elşən Xəlil oğlu Abdullayev, 1986-cı il təvəllüdlü Nicat Yasin oğlu Gülməmmədov, 1983-cü il təvəllüdlü Eldəniz Xamməd oğlu Orucov, 1979-cu il təvəllüdlü Ramil Adil oğlu Mehdiyev, 1985-ci il təvəllüdlü Fərid Qabil oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Amil Əli oğlu Orucov və 1980-ci il təvəllüdlü Rövşən Etibar oğlu Vəliyevdir.
Xəsarət alanlar Yevlax şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar. Xəsarətləri yüngül olduğundan həmin şəxslərə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.