Baş rollarını “Min bir gecə” serialından tanıdığımız Halit Ergenclə Almaniyadan gələn aktrisa Meryem Sahra Uzerlinin ifa etdiyi serialın çərşənbə günü yayımlanan 2-ci bölümündə məhz bu etirazlara görə müəyyən ixtisarlar edilib. Yayım şirkəti Hürrəm Sultanla Qanuni Sultan Süleymanın yataq səhnələrini qısaldılaraq yayımlayıb. Çəkilişi 2 gün davam edən bu səhnələrin qısaldılaraq yayımlanmasına telekanalın rəhbəri Saner Aydın da münasibət bildirib: “Son dönəmdə məqsədini aşan etirazlar artıb. Olaylar bundan artıq böyüməsin deyə qarşını bu formada almaq zorunda qaldıq. 12 dəqiqə davam edən sevişmə və öpüşmə səhnələrini qısaltdıq”.
Serialın təhdidlərə məruz qalan və ağır günlər keçirən ssenaristi Meral Okay isə öz qanuni hüquqlarından istifadə etməyə hazırlaşır. O, bildirib ki, işə başlayanda onun heç bu qədər dartışma yaradacağını gözləmirmiş. 200 nəfərlik heyət, tarix mütəxəssisləri ilə həssas bir layihə həyata keçirən yayımçılar indi qalmaqalla üz-üzədir.
Bu arada serialın ikinci bölümü də ən yüksək reytinq qazanıb və həftə ərzində ən çox izlənib. Filmin baş rol ifaçısı H.Ergencin isə qılınc oynatma dərsləri zamanı ayağı sınıb. Çəkilişlərə fasilə verilib-verilməyəcəyi həkimin rəyindən sonra bilinəcək./// Yeni Musavat