İki ay hazırlıq müddəti davam edən filmin çəkilişləri 51 günə yekunlaşıb. “Buna səbəb çəkilişləri yay aylarına kimi qurtarmaq istəyimiz idi. Tarixi və geniş həcmli film üçün etiraf edim ki, bu çox qısa zaman kəsiyidir. Heç bir yerli tarixi film belə qısa müddətdə çəkilməyib”,- deyə S. Kərimoğlu əlavə edib.
“Mən evə qayıdıram” filmində canlı səsyazma sistemindən istifadə olunub. Rejissor bildirib ki, dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq olunub: “Çəkiliş zamanı canlı səs yazmaq həm çətin, həm də bahalı işdir. Bu çəkilişin müddətini ikiqat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi. Qeyd edim ki, seçimlərdə filmə uyğun səs tembri olan aktyorlara xüsusi diqqət yetirdik. Ona görə əminliklə deyə bilərəm ki, filmdə aktyorların səsləri olduğu kimi qalacaq”.
Qeyd edək ki, Quba, Sitalçay, Kürdəmir, Xızıda çəkilişləri aparılan filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), Emil Bədəlov (Tərlan Seyidzadə), Murad Abdullayev (leytinant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka çəkiliblər.