“Neftçi” və “Xəzər Lənkəran” sövdələşməyə gedib?

“Neftçi” və “Xəzər Lənkəran” sövdələşməyə gedib?
İDMAN
20:45 10.02.2011
2429
"Neftçi" və "Xəzər Lənkəran" qış fasiləsində heyəti maksimum gücləndirməyə səy göstərdi ki, çempionluq uğrunda mübarizədə xoşməramlı ambisiyalarını gerçəkləşdirə bilsinlər.
Təəssüf ki, çempionatın favoritləri olan bu komandalar arasında son iki oyun qanqaraldıcı olaylarla yadda qaldı. Həm Bakıdakı, həm də Lənkərandakı haqq-hesab "randevusunda" hər iki tərəfin azarkeşləri arasında çaxnaşma yarandı. Təbii, mühafizə orqanları hadisələrin böyüməsinin qarşısını ala bildi, ancaq azı Lənkərandakı son olaylar "Neftçi" tərəfdarlarının doğma meydanda rəqibə cavab verəcəyi ehtimalını yardır.

Elə son xəbərlərdən məlum olur ki, hər iki tərəf bir-birinə qarşı aqressivdi. Ancaq deyəsən, odun üstünə su tökənlər tapılıb.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, dünən hər iki komandanın ən fəal azarkeş qruplarının nümayəndələri görüşüblər. "Xəzər Lənkəran" tərəfdən radikallığı ilə seçilən "Fırtına", "Neftçi" tərəfdən isə "UltraNeftçi"nin bir neçə fəalı bir masa ətrafında oturmağı bacarıblar (Mənbə bunu bildirməsə də, başqa azarkeş qruplarının da bu görüşdə ola biləcəyini təxmin edirik- red.).
Görüşdə tərəflərin bir-birini təhqir edəcək heç bir hərəkətə yol verilməyəcəyi haqda sövdələşmə əldə olunub. Xüsusilə, hay-küylü pankartlarıyla fərqlənən "Fırtına", "12-ci oyunçu" müstəqil azarkeş qruplarının Bakıya hazırlıqlı gəldiyi haqda bizdə məlumatlar var idi.

Onda bu görüş baş tutubsa, deməli, güman ki, məhz azarkeş əlvanlığına görə "Böyük oyun" adı qazanan qarşılaşmada xoşagəlməz hallara rast gəlməyəcəyik.
Bu arada matçın harada keçiriləcəyi haqda hələ də dəqiq məlumat yoxdu. Qarşılaşmanın "Tofiq Bəhramov"da olacağı bildirilsə də, mərkəzi arenanın direktoru Akif İsmayılov son açıqlamasında ayın 12-nə qədər yağışların davam edəcəyi halda ot örtüyünün oyuna yararsız vəziyyətdə olacağını deyib.

OXŞAR XƏBƏRLƏR