Ağ Ev Güney Azərbaycan türklərinin petisiyasını cavablandırıb
SİYASƏT
00:45 28.04.2013
1987
İranda Azərbaycan türklərinin hüquqlarının pozulması ilə bağlı 2013-cü il yanvarın 13-də Ağ Evin internet saytında yerləşdirilmiş və 25 mindən artıq imza toplanılması ilə başa çatdırılmış petisiyaya cavab verilib.APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Ağ Evdən verilən cavab məktubunda bildirilir ki, İran hökuməti tərəfindən insan haqlarının pozulması, o cümlədən azərbaycanlılar, bəluclar, kürdlər və ərəblər də daxil olmaqla ölkənin etnik əhalisinin üzvlərinə qarşı ayrı-seçkilik halları ABŞ-ı dərindən narahat edir: “İran davamlı olaraq öz qanunlarını və beynəlxalq öhdəlikləri pozan hərəkətlərə yol verir, təqib, təhdid, həbs və ya şiddət yolu ilə vətəndaşların universal insan hüquqlarını inkar edir. Birləşmiş Ştatlar İran rəsmilərinı məsuliyyətə cəlb etmək üçün bir neçə üsuldan istifadə edir. Bu sıraya insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətlərinə dəstək verilməsi, İranda hüquq pozuntuları ilə bağlı beynəlxalq maarifləndirmə işlərinin aparılması və s. daxildir. Ağ Ev və ABŞ Dövlət Departamenti dəfələrlə İran hökumətinin etnik və dini azlıqlarla kobud şəkildə davranmasını pisləyib. Bundan əlavə, ABŞ 2010-cu ildən bəri ciddi insan haqları pozuntularına yol verdiklərinə görə İran rəsmilərinə və dövlət qurumlarına qarşı onlarla sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində həmin şəxslərin Birləşmiş Ştatlara səfərlərinə qadağa qoyulub və onların ABŞ-dakı əmlakları, bank hesabları dondurulub”.