Vaşinqtonda yol-nəqliyyat hadisəsi və Ağ Evin mühafizə olunan ərazisinə daxil olmaq cəhdindən sonra ABŞ Məxfi Xidməti prezident iqamətgahında təhlükəsizlik tədbirlərini gücləndirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Qeyd olunub ki, avtomobil Ağ Evin şimalında yerləşən Lafayet parkının yaxınlığında səkiyə çıxaraq yol nişanına çırpılıb. Hadisədən sonra sürücü Məxfi Xidmət və Milli Qvardiyanın əməkdaşları ilə mübahisə edib və saxlanılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisə yerli vaxtla saat 10:00 radələrində baş verib. Təxminən eyni vaxtda başqa bir şəxs prezident iqamətgahından iki kvartal aralıda yerləşən hasardan aşaraq əraziyə daxil olmağa cəhd edib. O da saxlanılıb.
Hadisələrdən sonra Ağ Evə giriş müvəqqəti məhdudlaşdırılıb, yaxınlıqda olan jurnalistlər isə binanın içərisinə keçirilib.
İki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil. Hadisələr zamanı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə olub.











































