""Ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq"

""Ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq"
SOSİAL
15:25 27.06.2024
136
Cəmiyyətdə "ağ ölüm” kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
 
Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da, təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm”ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təəccüblüdür ki, bu bəlaya ilk olaraq uşaqlar yoluxur. Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail olurlar.
 
Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq narkomafiya üçün əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dünyanın gələcəyi təhlükə qarşısında qalır.

Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir.

Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma, əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olub gediblər.

Azərbaycan dövlətinin siyasətində də başlıca vəzifələrdən biri sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən narkomaniya və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizədir.

Ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.
 
Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində  uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb.
 
Bu dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. Artıq 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.

Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2019-2024-cü illər üçün "Dövlət Proqramı” icra olunmaqdadır.

İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan "ağ ölüm”dən qurtulmaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilmişdir.

Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Bu sahədə ölkəmizdə  normativ-hüquqi baza da yaradılıb, müvafiq təşkilati strukturlar da, milli proqramlar da.
 
Artıq 20 ildən çoxdur ki, Azərbaycan  narkotizmin Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç bəşəri konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində, vahid əqidə bayrağı altında birləşərək yeni mübarizə metodları hazırlamaqda, bəşər sivilizasiyasını lərzəyə gətirən bu ölüm kabusunun qarşısının alınmasında birgə səy, hünər və əzmkarlıq nümayiş etdirməkdədir. Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır.

Qobustan rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Tural Xəlilli 
OXŞAR XƏBƏRLƏR