Saçımızdakı ağ tükləri qoparanda onun yerində daha çox ağ saç çıxacaq fikrini yəqin ki, hər birimiz eşitmişik.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər saçların ağarması ilə bağlı təfərrüatları izah edərkən, ağ saçları yolmağın ağ telləri çoxaltmadığını, bunun saçlarımıza başqa formalarda zərər verə biləcəyini vurğulayırlar.
Ağ tükləri yolmaqla ağ saçların yayılması fikrini təkzib edən mütəxəssislər, hər bir yolma hərəkəti ilə saç kökünün də çıxdığını və bunun saçın strukturuna ciddi zərər verdiyini bildirib. Ağ saçları yolmaq saçları tamamilə ağartmasa da, saç köklərinə zərər verməmək üçün bundan qaçınmaq lazımdır.
Saçınızın nə vaxt ağaracağını təxmin etməyin ən asan yolu valideynlərinizə və nənə və babanıza baxmaqdır. Mütəxəssislər bildirirlər ki, böyüklərinizin saçları gənc yaşda ağarıbsa, sizin də eyni vəziyyəti yaşamaq ehtimalınız yüksəkdir.
Dəyişməz, sabit amillərlə yanaşı, yediklərimiz və pəhrizimiz də ağ və boz saçların görünüşünə təsir edə bilər. Xüsusilə, B12, D3 vitaminləri və kalsium çatışmazlığını erkən yaşlarda saçların ağarması ilə əlaqələndirən tədqiqatlar da var. Xüsusilə B12 vitamininin qan hüceyrələrinin istehsalında rol oynayaraq saçların uzanması üçün ən lazımlı vitaminlərdən biri olduğu vurğulanır.
Həmçinin bildirilir ki, D3 vitamini yeni saç köklərinin əmələ gəlməsinə kömək edir, beləliklə saçların daha sağlam və dolğun olmasını təmin edir, kalsium isə böyüməni stimullaşdıra bilən müəyyən hormonların ifrazına kömək edir.
mütəxəssislər bildirirlər ki, saçınızı yolarkən saç kökünü çıxardığınız zaman dərinin içərisində kiçik bir dəlik yaranır. Zaman keçdikcə bu dəlik yağ və kəpəklə dolaraq tıxanır. Bu da tük batması kimi digər problemlərə səbəb ola bilər.
Bundan əlavə, hər bir saç telinin böyümə istiqaməti var və böyümə istiqamətinin əksinə çəkildikdə, saç kökünə daha çox zərər verə bilərsiniz.
Aysel Hacızadə