- AFFA Rəşad Sadıqovu ilin ən yaxşı futbolçusu seçdi. Siz bu seçimlə razısınızmı?
- Fikrimcə, assosiasiya düzgün seçim edib. Sadıqov həqiqətən bu il uğurlu oyun sərgiləyib. Odu ki, mən təəccüblənmədim. Əgər məndən soruşsaydılar, mən də eyni cavabı verərdim. Sevindirici haldı ki, Rəşad "Eskişehirspor"da çıxış edir. Onda özünü Türkiyə çempionatında göstərmək üçün bütün keyfiyyətlər var.
- Bəs ən yaxşı məşqçinin adını çəkə bilərsizmi?
- Yaxşı məşqçinin adını açıqlamaq çətindi. Mən sadəcə bir oyuna görə seçim etməyin tərəfdarı deyiləm. Bütün 2010-cu ili qiymətləndirmək lazımdı. Düşünürəm ki, Qurban Qurbanovla Nazim Süleymanov daha uğurlu olublar. Sonuncu AZAL-da çox işlər gördü. Bura Arif Əsədovu da əlavə etmək olar. Ancaq əminəm ki, onun əsas uğurları hələ qabaqdadı.
- Bəs komanda? Bu "Qarabağ"dı, yoxsa yığma?
- Düşünürəm ki, yığma. Türkiyə üzərində qələbəni heç kim gözləmirdi. Ancaq "Qarabağ"ın Avropa Liqasında 3 mərhələ adlaması da layiqli uğurdu.
- Yeri gəlmişkən, "Qarabağ" sizin digər keçmiş komandanız "Xəzər Lənkəran"la qarşılaşacaq. Şansları necə dəyərləndirirsiz?
- Belə oyunlarda favorit olmur. Əgər Azərbaycan çempionatında autsayder çempion üzərində qələbə qazanırsa, hansı favoritdən danışa bilərik? Sadəcə lənkəranlılar doğma meydanda daha yaxşı oynayır və bu üzdən müəyyən üstünlükləri var. "Qarabağ" da adi komanda deyil. Düşünməyin ki, onlar ora 1 xaldan ötrü gediblər.
- Dünən Mirça Rednin vaxtilə sizin gətirdiyiniz daha iki oyunçuyla yollarını ayırdı...
- Denis Romanovsu mən dəvət etməmişdim. Onunla məndən sonra müqavilə bağlanıldı. İmedaşviliyə gəlincə, o, Avropa Liqasında oynadı və göstərdi ki, komandaya lazımdı. Sonradan o, zədə aldı. Rednikin işinə qarışmaq istəmirəm. Ancaq düşünürəm ki, gürcü oyunçu komandaya kömək edə bilərdi.
- "Altılıq" uğrunda mübarizə artıq kifayət qədər gərginləşib. Kimin kənarda qalacağını düşünürsüz?
- "Bakı" üçün ilin sonu uğurlu alınmadı. Bu komandada hər şey var, oyundan başqa. Onlara "Qəbələ" üzərində mütləq qələbə qazanmaq lazımdı. Əks təqdirdə hər şey pis sonuclanacaq. İlk altılığı "Bakı"sız təsəvvür etmək çətindi. Heyət bu uğursuzluğa görə cavab verəcək.
- Bütövlükdə Azərbaycan futbolu üçün 2010-cu ili necə qiymətləndirirsiz?
- Avrokuboklarda pis oynamadıq, milli komanda seçmə mərhələdəki ev oyununu qələbəylə başa vurdu. Ancaq artıq bu nəticələrimizi daha da yaxşılaşdırmaq vaxtıdı. Artıq Avropa Liqasında 1-2 mərhələ bizi sevindirməməlidi. Axı klublarımız böyük pullar itirir, şərtlər daha da yaxşılaşır. Arzu edirəm ki, 2011-ci il Azərbaycanın Avropa Liqasının qrup mərhələsində təmsilçisi olsun.