'Ağaclardan birinin üstünə A+Ü=LOVE yazmışdıq' - ESSE

KÖŞƏ
03:33 13.07.2012
3442
Kəramət Böyükçöl
Beşillik məhəbbət (esse)
Universitetin dördüncü kursunu təzəcə bitirmişdim və qurtaran kimi elə orta məktəblərin birindəcə ibtidai sinif şagirdlərinə dərs deməyə başladım. Burada demək olar ki, hər gün çox maraqlı, yaddaqalan hadisələrlə qarşılaşırdım, biri də yadımdan çıxmayıb, hamısı yaddaşımın dərin qatlarında kök salıb.
Sinif otağı elə bil ibtidai icma cəmiyyəti idi, uşaqların sevgiləri, fikirləri, düşüncələri, hərəkətləri mənə ilk insanı xatırladırdı. Bir dəfə dərs dediyim günlərin birində dördüncü sinif şagirdi Məhəmməd qəflətən ayağa qalxıb dedi:
– Ay müəllim, Günaya deyin də, mənim başıma vurur.
– Günay, yoldaşını niyə vurursan? – soruşdum.
– Müəllim, donuma LOVE yazır – Günay elə beləcə də cavab verdi.
Yadıma Ülkər düşdü, görən indi haradadı? Heç yadına düşürəmmi? Öz-özümə fikirləşdim ki, görəsən, bizi nə ayırdı? Axı, bir-birimizi çox sevirdik, ölsək də ayrılmamağa söz vermişdik, demişdik ki, guya bizi ayırmağa ölümün də gücü çatmaz və guya sevgimiz ölümə qalib gələcəkdi, ölümü öldürəcəkdi. Düzdü, elə beləcə də oldu, bizi ölüm ayırmadı, ancaq xırdaca bir şey ayırdı.Bəs o xırda şey nə idi?
Ülkərin uzun qara ayaqları heç vaxt yadımdan çıxmır.
Yeriyəndə ayaqları torpağa nöqtə kimi dəyirdi, elə bil yerdə qoşa gül bitmişdi. Baxışlarım Ülkərin ayaqlarında qabar bağlamışdı. İndi o ayaqlar yadıma düşür və bir də o yadıma düşür ki, Ülkərin qolunda göygöz bir saatı vardı. Xatırlayırsa o saatı mən almışdım. Deyəsən, ad günü idi. Saatı alanda dükançı qızın yanında Ülkərə dediyim sözlər də olduğu kimi yadımdadır. Demişdim ki, nə vaxt həyatda olmasam bil ki, mən o saatın içindəyəm. Məni həmişə o saatın, o vaxtın içində axtar. Uzun boyumu, uzun saçlarımı, zəif bədənimi, qalın qaşlarımı o saatın içində gəz, bax gör 24 saatın harasındayam, vaxtın, zamanın hansı yerindəyəm?
Ülkərin bütün oğlanlardan xəbərsiz və izaholunmaz bir gözəlliyi vardı. Onu sadəcə hiss eləmək, duymaq, anlamaq gərəkdi. Ülkəri lap uşaq yaşından tanıyırdım. Hər gün yanımdan keçirdi, ancaq görmürdüm. Elə bil gözlərim bağlanmışdı. Mən universitetə daxil olanda o hələ orta məktəbdə oxuyurdu. Əyninə-başına fikir verməyən, saçını-başını düzəltməyən, pinti bir qızıydı. Sevgimiz təsadüfən oldu, elə bil Ülkərə qəflətən vuruldum, birdən-birə sevdim, başımı yuxarı qaldırıb gördüm ki, ay aman, yanımdan biri keçir. Güləndə yanaqları çuxura düşürdü. Ülkər hərdən əyninə kişi köynəyi geyinirdi. Kişi köynəyi ona necə də gözəl yaraşırdı. Baxanda dəli olurdum.
Qəflətən dedim, bir dostumun sözü yadıma düşdü. Deyir, bir dəfə başıma belə bir hadisə gəlib. Ofisiant işlədiyim toyda qəfil gəlinə vuruldum. Bu nə deməkdir? Əllərim əsdi, dizlərim titrədi, boynumun dalı qızışdı. Dostum onu da dedi ki, çox çarəsizdim və elə çarəsizlikdən də toyu yarımçıq qoyub çıxdım. Ta deyə bilmədim ki, mənim də başıma qəflətən bir sevda gəlib. İllərdən bəri tanıdığım Ülkəri bir anın içində hiss elədim, əllərini, ayaqlarını, saçlarını bir anın içində gördüm. Ülkər də məni duydu.
Ülkərin sevdiyi üzündən bəlli idi. Hiss eləyirdim ki, sevdiyinə görə çox utanır. Çünki ilk dəfə sevirdi. Bilmirdi neyləsin? Yazıq qız quşürək olmuşdu, deyirdi ki, fikrimdən çıxmırsan, səni o qədər düşünürəm ki, atam çay istəyəndə əvəzinə duz verirəm, duz yerinə də çay. Ona görə Ülkər üzünü hamıdan gizlədirdi, həmişə saçlarını üzünə tökürdü ki, heç kim sevdiyini bilməsin. Ancaq gözləri xəbərçi adamlar kimi, açıb hər şeyi hamıya danışırdı. Get-gedə sevgisi dərinləşirdi və dərinləşdikcə anlayırdı ki, artıq üzünü saçları da örtə bilmir. Yenə hiss olunurdu. Yerişindən bilinirdi ki, sevir. Sonra üzünü bir müddət əlləri ilə tutdu. Utanmaq yenə də əllərin payına düşdü.
Ülkərlə gecələr telefonla danışırdıq. Telefonun dəstəyini üzümə elə söykəyirdim ki, elə bil Ülkərin əlləri idi. Hərdən elə olurdu ki, səhərə qədər telefonda pıçıldaşırdıq, səhər açılanda gözümüz yumulurdu. O qədər pıçıldaşırdıq ki, səsimiz batırdı, məktəbdə kim bizdən bir söz soruşurdusa pıçıltıyla cavab verirdik. Hərdən gəzməyə də çıxırdıq. Onda bulvar bugünkü kimi gözəl və yaraşıqlı deyildi. Parkın çoxlu qaranlıq yerləri, əyri-üyrü tinləri vardı. Əl Oyunları sarayı tərəfə demək olardı ki, çox az adam gəlib çıxırdı. Bilənlər yaxşı bilir ki, orda çoxlu ərik ağacları var. Ağaclardan birinin üstünə A+Ü=LOVE yazmışdıq.
Bəlkə də üstünə söz yazdığımız o ağac çoxdan quruyub. Çünki sözümüz söz olmadı. Oturduğumuz skamya da yaxşı yadımdadı. Həmişə ikimizə bir dönər alıb elə oradaca əyləşirdik. Skamyanın bir tərəfi qırılmışdı, ikimiz bir yerdə otururduq. Quşlar bizi görən kimi yanımıza qaçırdı, vərlə düzülüb bizə baxırdılar. Sərçə dimdiklərinin ümidi idik. Göyərçinlər düz ayaqlarımızın yanına kimi yeriyirdi. Dönərimizə şərik çıxan pişiklər hər gün yolumuzu gözləyirdi, biz gəlməyəndə küsüb gedirdilər.
İndi Ülkər çox uzaqdadı. Uzaqdadı deyəndə ki, heç harda olduğunu da bilmirəm. Yəqin ki, məni çoxdan unudub. Deyim ki, heç mən də əvvəlki oğlan deyiləm və heç o da yadımda deyil ki, Ülkər hansı universitetə daxil oldu, hansı fakültədə oxudu. İlk tanışlığımız Məhəmmədin və Günayın o sözündən sonra yadıma düşdü, xatırladım ki, bir vaxt Ülkər var idi.
İndi eşitdiyimə görə Ülkər kənddə əmisi oğluna gedib və deyilənə görə əriylə çox mehribandı. Çünki sevmirlər. Bəlkə elə sevmədiklərinə görə də bir-birini yaxşı başa düşürlər, yaxşı anlayırlar və yaxşı yola gedirlər. Həyat belədir və mən indi anlayıram ki, bizi o vaxt elə sevgi ayırdı. O zaman ki, insanlar sevdilər, ayrılıqlar başladı, ölümlər doğuldu. Necə deyərlər, məhəbbətin boş və mənasız bir şey olduğunu axır ki, anladıq. Şair demişkən, məhəbbət eqoizm və intriqa mənbəyidir, məhəbbət hisslərin ötüşməsi, sevənlərin bir-birinin üzünə durmasıdır, ailələri məhəbbət dağıdır.
Bunu birdəfəlik anlayıb və başa düşməliyik. Məhəbbət “mən” deməkdir, mən olan yerdə ikinci mən yoxdur. Məhəbbət başqa birisinin etibarının yoxa çıxmasının sübutudur. Məhəbbət birinin başqa birisi üzərində qələbəsidir. Məhəbbət yoxluğun isbatıdır. Məhəbbət təzyiqdir. Məhəbbət əbədi deyil əsla, olsa-olsa köhnə kişilər demiş beşillikdir. Əbədi sevgilər isə tamamilə mənasızdır.
– Müəllim, zəng vuruldu, növbəti dərsimiz nə olsun? – Günayın səsinə dik atıldım.
– Açın kitabınızı, səhifəni çevirin, görün nə var? – dedim.
– Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri... – Günay cavab verdi.
– Əzbərləyin – dedim.
Baku Post
OXŞAR XƏBƏRLƏR