Amerika Birləşmiş Ştatları Yəməndə ixtişaşların davam etməsi ilə əlaqədar oradakı səfirliyinin texniki personalı və diplomatların ailələrinin məcburi evakuasiyasına başlayıb. «Yəməndə terrorçuların fəallaşması və vətəndaş üsyanının güclənməsi səbəbindən təhlükəsizliklə bağlı narahatlıqlar yüksəkdir. Sənada güclü toqquşmalar davam edir və zorakılığın güclənməsi istənilən an baş verə bilər.»-ABŞ Dövlət Departamentinin bəyənatında belə deyilir.
Dövlət Departamenti ABŞ vətəndaşlarına Yəmənə səfərləri təxirə salmağı və oranı tərk etməyi tövsiyə edib. Dövlət departamentinin xəbərdarlığında həmçinin bildirilir ki, Qırmızı dəniz, Ədən körfəzi və Hind okeanında piratçılıq regionda gəmiçilik üçün təhlükə doğurur. Terror təşkilatları, xüsusən də Ərəbistan yarımadasındakı Əl Qaidə qruplaşması Yəməndə fəaliyyətini dvavam etdirir.
Qeyd edək ki, Yəmənin paytaxtı Sənada və digər iri şəhərlərdə kütləvi qarışıqlıqlar, prezident Əli Abdulla Salehin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar davam edir. Yəmən prezidentinin bir ay ərzində hakimiyyəti dinc şəkildə təhvil verməsini nəzərdə tutan razılaşmanı imzalamandan imtina etməsindən sonra Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası irəli sürdüyü təşəbbüsünü geri çəkib.
//Ans Press