Abituriyentlərdən ərizə qəbuluna aprelin 1-dən başlanacaq

SOSİAL
22:07 31.03.2016
1805

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna start verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC-a Tələbə Qəbulu üzrə Dovlət Komissiyasından (TQDK) bildirilib.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub şəxsiyyəti təsdiqləyən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
TQDK-dan bildiriblər ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.
“Abituriyentin elektron ərizəsi” forması doldurulduqdan sonra ərizələrin təsdiqi təmin edilməlidir. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.
1981-1998-ci il təvəllüdlü (1998-ci il iyulun 30-dək anadan olmuş), 35 yaşadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənən qaydalarla tənzimlənir.
Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin çağırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin hərbi komissarlıqları tərəfindən aparılır.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müddətdə və qaydada elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada aparılan qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında iştirak edir və bu imtahanda topladıqları ballar müvafiq müsabiqə şərtlərini ödəyənlər qabiliyyət imtahanlarına buraxılırlar.
Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir. Cari ilin məzunları (peşə liseylərinin məzunları istisna olmaqla) bitirdikləri təhsil müəssisələrinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə liseylərinin builki məzunları ərizələrində yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunan ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün mayda, cari ilin məzunları üçün isə iyulda keçirilir.
2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının ikinci nömrəsində çap edilib. Bu nömrədə, həmçinin 2015-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodik məqalələr dərc olunub.

OXŞAR XƏBƏRLƏR