NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın Avropadakı hərbi töhfələrini azaltmaq qərarının dərhal icra olunacağını, lakin Avropa müttəfiqlərinin yaranacaq boşluğu doldurmağa başladığını bildirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Rutte bu barədə Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, ABŞ-nin NATO Qüvvə Modelinə verdiyi töhfələrin yenidən nəzərdən keçirilməsi planlaşdırma prosesinin bir hissəsidir. Baş katibin sözlərinə görə, Vaşinqtonun töhfələri əvvəlki illərlə müqayisədə azalsa da, ABŞ Alyans üçün mühüm tərəfdaş olaraq qalır.
Rutte vurğulayıb ki, mümkün təhlükə və ya NATO-nun kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddənin işə düşəcəyi halda bütün müttəfiqlər, o cümlədən ABŞ, üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklər.
Baş katib həmçinin bildirib ki, Avropa ölkələri ABŞ-ın azalan töhfələrinin yaratdığı boşluğu aradan qaldırmaq üçün artıq konkret addımlar atmağa başlayıblar və bu istiqamətdə işlər davam edir.
Rutte ABŞ ilə İran arasında əldə olunan razılaşmaya da toxunaraq, bunun İranın nüvə potensialının azaldılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, NATO-nun zərurət yaranacağı təqdirdə Hörmüz boğazında fəaliyyət göstərməyə hazır olduğunu da bildirib.










































