"Vaşinqtonun Azərbaycana qarşı dolayı riyakarlığı barədə uzun araşdırma və təhlillərə ehtiyac yoxdur. 30 il boyunca Azərbaycan ərazilərinin 20 faizi işğalda qalarkən, 1 milyon əhali məcburi köçkün həyatı yaşayarkən bir kəlmə açıq bəyanat verməyən ABŞ-nin bu gün Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində açıq dəstək ifadə etməsi elə ən böyük riyakarlıqdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ABŞ-ın əsas məqsədi heç də ərazi bütövlüyü və suverenliyə hörmət deyil:
"ABŞ rəsmiləri əsaslandırmağa çalışırlar ki, bu ölkədə anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyətində ehtiva olunan özfəaliyyətdir. Lakin bu yanaşma qəbuledilməzdir, çünki tarixi təcrübə göstərir ki, ABŞ-də heç bir lobbiçilik fəaliyyəti Vaşinqtonun dövlət maraqlarını üstələyə bilməz. Əgər konqresmen və senatorların, ayrı-ayrı dövlət qurumlarının təmsilçilərinin, Dövlət Departamentinin qeyri-rəsmi "mətbuat orqanı” kimi tanınan mətbu orqanlarının gündəmində Azərbaycana qarşı qərəzli kampaniya varsa, əminliklə demək olar ki, bu elə dövlət səviyyəsində dəstəklənən xətt və riyakar mövqedir”.
Deputatın fikrincə, ABŞ artıq reallıqları nəzərə almalıdır, anlamalıdır ki, o, dünyanın tək gücü deyil:
"Əgər Vaşinqton regionda mövculuğunu qorumaq, maraqlarını təmin etmək istəyirsə, bunu fərari və məğlub Ermənistanı proteksiya etməklə, yaxud Gürcüstan və Ukraynanın fəlakətinə səbəb olan saxta, ikili standarlara əsaslanan dəstəklə yox, Azərbaycanla tam bərabərhüquqlu tərəfdaşlığı ilə təmin edə bilər”.
Şəbnəm Zahir