ABŞ-da güclü tufan və daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib.
ABŞ-nin cənub və orta qərb ştatlarını vuran tornadolar, tufanlar və güclü yağışların səbəb olduğu daşqın fəlakətinin qurbanlarının sayı çərşənbə günündən etibarən artır.
Tennessi ştatında azı 10 nəfər, Kentukki ştatında isə kəskin hava şəraiti səbəbindən biri 9 yaşlı uşaq da daxil olmaqla ən azı 5 nəfər ölüb. Missuridə 16 yaşlı könüllü yanğınsöndürən də daxil olmaqla üç nəfərin, Arkanzasda 5 yaşlı uşaq da daxil olmaqla iki nəfərin, Corciyada isə iki nəfərin öldüyü təsdiqlənib.
İndiana və Missisipi ştatlarında cəmi 2 nəfərin həyatını itirdiyi öyrənilib.
Yağışlardan sonra çaylarda suyun səviyyəsinin artması ilə əlaqədar 9 milyon insana daşqın xəbərdarlığı edilib.
Fırtına dünən ölkə sahillərinə doğru hərəkət edərək Florida, Corciya və Karolina ştatlarında güclü yağışa səbəb olub. Milli Meteoroloji Xidmət həftənin qalan hissəsində daha az yağışın gözlənildiyini bildirsə də, bəzi ərazilərdə suların çəkilməsinin günlər və ya həftələr çəkə biləcəyi barədə xəbərdarlıq edib.
Oksana