ABŞ-ın Ayova ştatı 31 Mart soyqırımını tanıyan qətnamə qəbul etdi

MARAQLI
11:35 04.04.2013
1324

ABŞ-ın Ayova ştatının qanunverici orqanı olan Nümayəndələr Palatası 31 Mart - azərbaycanlıların soyqırımının 95 illiyi və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, “Pax Turcica” İnstitutunun həyata keçirdiyi illik məlumatlandırma kampaniyası nəticəsində ABŞ-ın Ayova ştatının qanunverici orqanının nümayəndəsi David Jacoby və senator Robert Dvorsky 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 95 illiyinin qeyd olunması haqda bəyanatla çıxış ediblər.

Qanunverici orqanın nümayəndəsi tərəfindən imzalanmış bəyannamə Azərbaycan-Amerika Şurasının (AAŞ) Ayova nümayəndəliyinə təqdim edilib. Bəyannamədə qeyd edilir ki, 1918-ci il martın 30-dan aprel 3-dək Erməni İnqilabi Federasiyasının (Daşnak Partiyası) silahlı qrupları bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər şəhərlərində 20.000 azərbaycanlını və digər müsəlman xalqlarının nümayəndələrini vəhşicəsinə qətlə yetirib. Bu faciə Qafqaz və Anadoluda böyük bir dövlət yaratmaq istəyən erməni millətçiləri tərəfindən həyata keçirilmiş kütləvi qırğınların bir hissəsi idi. Qətliamlar zamanı bir milyon azərbaycanlı və 2,5 milyona yaxın türk, kürd, digər müsəlman olan digər millətlər soyqırıma məruz qalıblar və ya 20-ci əsr boyu öz torpaqlarından deportasiyaya uğrayıblar.

Qeyd edək ki, 2012-ci ildə Nyu-York Senatı 31 Mart soyqırımını ilk dəfə qanunverici orqan səviyyəsində tanıyıb və qətnamə qəbul edib. Bu ilin martında isə Nyu-Cersi ştatının Baş Assambleyası soyqırımın tanınması və 31 martın anım günü kimi qeyd edilməsi haqda qətnamə qəbul edib.

OXŞAR XƏBƏRLƏR