ABŞ-ın daha bir ştatı Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul edib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları Assosiasiyası Şurası və Konnektikutda Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş Ştat Kapitoliyasında (yerli qanunverici orqanın yerləşdiyi bina) III illik Türk Gününün keçirilməsinə həsr olunmuş tədbir keçirilib.Tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard və Nümayəndələr palatası spikeri müavini Kevin Rayan Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər.Bundan sonra çıxış edən M. Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycanın 20% ərazisinin 21 ildir ki, Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib.Bu kontekstdə, M.Talıbov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib.Qeyd edək ki, tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi x-m Denis Meril, Konnektikut ştatı Nümayəndələr palatasının spikeri Brendan Şarki, Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç, Türkiyənin Boston şəhərindəki baş konsulu Burak Karartı, bir sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak ediblər.