'ABŞ-ın müxtəlif fondları və beynəlxalq təşkilatları Azərbaycanda yerli qanunvericiliyə əməl etməyən QHT-ləri niyə maliyyələşdirir?' - Obamaya sual

SİYASƏT
10:00 25.09.2014
1691

"Çox təəssüf edirəm ki, ABŞ-da müəyyən dairələr Azərbaycanla-ABŞ arasında olan müsbət çalarları bir kənara qoyaraq iki ölkə arasındakı münasibətləri gərginləşdirən açıqlamaların gündəmə gəlməsinə çalışırlar. İki ölkənin gənclərini birləşdirən bir təşkilatın rəhbəri kimi ABŞ Prezidenti Obamadan daha çox Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn tutarlı açıqlamalar, Xocalıda Azərbaycanlılara qarşı törədilən qətlyama dair qətiyyətli fikirlər gözləyirəm, əminəm ki, Azərbaycan cəmiyyətinin əksəriyyətinin gözləntiləri məhz bundan ibarətdir". Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

O bildirib ki,  Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edən ən fəal ölkələrdəndir:

"NATO-nun üzvü və ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Türkiyə ilə yanaşı Azərbaycan bəlkə regionun ilk müsəlman ölkəsidir ki, enerji və regional təhlükəsizlik məsələsində ABŞ-a bu qədər açıq dəstək verir. ABŞ-la müttəfiq olan müsəlman ölkələrinin hansı birində bu gün Azərbaycandakı qədər QHT sektoru, vətəndaş cəmiyyəti, plurializm, azad mətbuat, dünyəvilik, sabitlik, tolerantlıq və multi-kultural cəmiyyət mövcuddur? Bütün bunlarla yanaşı Azərbaycan dünyada beynəlxalq təşkilatlarla əməkdaşlıq edən ən fəal ölkələrdəndir".

Təşkilat sədri qeyd edib ki, bu Azərbaycanda QHT problemi yoxdur: 

"Amerika cəmiyyəti ilə işləyən insan kimi deyə bilərəm ki, bu gün heç də ABŞ cəmiyyətinin əksəriyyətini süni şəkildə Azərbaycanda radikal qruplar tərəfindən yaradılmış QHT problemi maraqlandırmır. Bu problemlər məhz bu qruplar tərəfindən özlərini gündəmdə saxlamaq və ABŞ-dan maliyyə dəstəyi qazanmaq üçün atılmış addımlardır.

Biz təşkilat olaraq hər zaman çalışmışıq ki, Azərbaycanla- ABŞ arasındakı münasibətlərin gündəmini iki ölkə və onun xalqları üçün əhəmiyyət və maraq kəsb edən mövzular tutsun. Hesab edirəm ki, buna əsas da var. Azərbaycanla ABŞ arasında mədəniyyət, təhsil, elm və sosial sahələrdə, iki ölkənin xalqları arasında yaxınlaşmaya nail olmaq üçün o qədər görüləsi işlər ola ola, bu gün Azərbaycanda dağıdıcı ruhda köklənmiş insanlar bütün bunları kölgədə qoymaq üçün okeanın o tayına Azərbaycanla bağlı yalnız mənfi məlumatlar ötürürlər. Sizi əmin edirəm ki, okeanın o tayından gələn istənilən açıqlamalar bu insanların göndərdikləri beyin məhsullarıdır, ölkədə hər şeyi qara gördükləri kimi iki ölkə arasında da münasibətlərin korlanmasına çalışırlar".

Vüqar Əhmədov deyib ki, QHT-lərlə bağlı məsələdə ABŞ-ın vəziyyəti heç də ürəkaçan deyil: 

"Bu gün ABŞ-ın müxtəlif Fondları və beynəlxalq təşkilatları Azərbaycanda yerli qanunvericiliyə əməl etməyən QHT-ləri niyə maliyyələşdirir? Azərbaycanda qeydiyyatda olmayan QHT-lərə bank köçürməsindən kənar, nağd şəkildə qrant vəsaitlərinin verilməsi ənənənəsini məhz ABŞ fondları yaradıb. Nəyə görə bu fondlar iki ölkə arasında mədəniyyət, təhsil, gənclər mübadiləsi və elm sahəsindəki mübadilə proqramlarından daha çox Azərbaycanda media azadlığı və demokratiya mövzularında eyni təşkilatların təxribatçı layihələrinə vəsait ayırır?

Azərbaycanda bu gün kifayət qədər azad media və mətbuat mövcuddur, dövlət büdcəsi tərəfindən QHT-lərə ayrılan vəsaitlərdə heç bir fərq qoyulmadan bütün təşkilatlara ayrılır. Hətta ABŞ-da mümkün olmayan bir şey Azərbaycanda yaşanır, bir çox QHT-lər vətəndaş cəmiyyəti istiqamətindən daha uzağa gedərək açıq siyasi fəaliyyətlə məşğuldurlar. Halbu ki, Amerikada hər hansı QHT-nin siyasi fəaliyyətlə məşğul olması ciddi qanun pozuntusu sayılır. Belə ki, ABŞ-da QHT-nin tərifi-qeyri-siyasi və qeyri kommersiya təşkilatı deməkdir. (Non-partisan and non-commercial organization).

Bir həqiqət var, o da ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən istənilən yerli və beynəlxalq QHT-lər yerli qanunvericiliyə əməl etməlidir, siyasi fəaliyyətlə, ölkənin milli maraqlarının əleyhinə yönəlmiş fəaliyyətlə məşqul olmamalıdır. Düşünürəm ki, Azərbaycanda QHT-lərin durumu ilə bağlı açıqlama verən prezident Obama bu məqamları da nəzərə almalı idi".

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR