ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
SİYASƏT
17:06 15.07.2026
193
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqişə riskinin artdığı ilə bağlı narahatlıqlar güclənib. ABŞ ordusunun İrana endirdiyi növbəti zərbələr iki ölkə arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Politoloq Oktay Qasımov AZXEBER.COM-a açıqlamasında deyib ki, ABŞ İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək ona qarşı zərbələr endirməyə davam edir:

"ABŞ İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək ona qarşı zərbələr endirməyə davam edir. Çünki ötən ay əldə olunan razılaşmaya əsasən, İran Hörmüz boğazında gəmiçiliyin sərbəst hərəkətini təmin etməli və onun müharibədən əvvəlki vəziyyətə qayıtmasına imkan yaratmalı idi. Lakin İran bunun əvəzinə təxribat xarakterli addımlar atdı. Hətta Oman sularından keçən bəzi tankerlər də hədəfə alındı. Bu isə, şübhəsiz ki, ABŞ prezidentinə İranı yenidən danışıqlar masasına qaytarmaq və onu müəyyən şərtləri qəbul etməyə məcbur etmək üçün əlavə əsaslar verdi. Artıq bir həftəyə yaxındır ki, ABŞ İrana qarşı məhdud hərbi əməliyyatlar həyata keçirir”.

O vurğulayıb ki, bu zərbələrin savaşa çevrilməsi real görünmür:

"Bunun genişmiqyaslı müharibəyə çevriləcəyi ehtimalı isə aşağıdır. Donald Tramp da bildirib ki, arxa masada danışıqlar davam edir və əsas məsələ onları yenidən danışıqlar masasına əyləşdirməkdir. Bu baxımdan, qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilməsi ehtimalı yüksək görünmür. Əsas hədəf İranı zəiflətmək, danışıqlar masasında müəyyən şərtləri qəbul etdirmək və ABŞ-nin bölgə ilə bağlı strateji planlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR