ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?

ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
SİYASƏT
14:42 10.03.2026
349
"ABŞ və İsrail İranla bağlı qarşılarına qoyduqları məqsədlərə tam nail ola bilməyiblər. ABŞ prezidenti Donald Trampın müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı verdiyi vəd isə hələlik özünü doğrultmayıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, İran Körfəz ölkələrinə hücum edərək savaşın coğrafiyasını genişləndirməyə çalışır:

"İran Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə almaqla qarşıdurmanı daha geniş areala yaymağa çalışır. ABŞ tərəfi bildirir ki, qələbə yaxındır və İranın hərbi infrastrukturunun 95 faizi məhv edilib. Lakin SEPAH rəhbərliyi bəyan edir ki, İran hələ ən azı 6 ay müharibə aparmaq potensialına malikdir. Bu bəyanatlar həm informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər, həm də İranın müqavimət göstərə biləcəyinə işarədir. Hazırkı vəziyyət olduqca mürəkkəbdir. Bölgədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Küveyt ərazilərinə İran tərəfindən raket zərbələrinin endirilməsi vəziyyəti daha da gərginləşdirir. Hətta İranın Azərbaycan və Türkiyə ərazilərinə doğru atdığı raketlər də situasiyanı mürəkkəbləşdirən amillərdəndir”.

Vüqar İskəndərov əlavə edib ki, İran daxilində müəyyən siyasi ziddiyyətlər mövcuddur:

"Siyasi hakimiyyət və hərbi düşərgə arasında mövqelər tam üst-üstə düşmür. Bu, müəyyən mənada ‘yaxşı və pis polis’ taktikasını da əks etdirə bilər. İran Prezidenti Pezeşkianın qonşu ölkələrə hücumların İran tərəfindən edilmədiyini bildirməsi, SEPAH-ın bunun əksini deməsi daxili ziddiyyətlərin olduğuna işarədir”.

Deputat vurğulayıb ki, Azərbaycan müharibənin sülh yolu ilə başa çatmasının tərəfdarıdır:

"Mülki insanların həlak olması və infrastrukturların dağıdılması münaqişənin humanitar nəticələrini ağırlaşdırır. Əgər vəziyyət davam etsə, həm insan itkiləri, həm də müharibənin coğrafiyasının genişlənməsi ehtimalı artır. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə sabitlik və sülh tərəfdarıdır və bu istiqamətdə addımlar atır. Əsas mövqeyimiz ondan ibarətdir ki, tərəflər danışıqlar masasına əyləşsin və məsələ sülh yolu ilə həll olunsun. Çünki bölgədə baş verən müharibə yalnız regiona deyil, daha geniş coğrafiyaya ciddi təsirlər göstərir. Artıq iqtisadi və digər sahələrdə bunun qlobal nəticələri hiss olunmaqdadır. Lakin hazırkı vəziyyətdə İsrail-ABŞ müharibəni davam etdirəcəklərini bildirir, İran tərəfi isə müqaviməti davam etdirəcəyini bəyan edir. Bu isə müharibənin yaxın günlərdə başa çatmayacağını göstərir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR