‘ABŞ-la münasibətlərin pisləşdiyini deyənlər ciddi yanılırlar’ - Cümşüd Nuriyev

SİYASƏT
17:25 30.10.2013
1162

Prezident seçkilərindən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında gərginliyin yaşandığına dair iddialar təkzib olunur.

“Yeni Müsavat” qəzetinin bugünkü sayında Azərbaycan hakimiyyətinin ABŞ-ın təzyiqlərini neytrallaşdırmaq və Vaşinqtonun mövqeyini yumşaltmaq üçün hərəkətə keçdiyi iddia edilib. Politoloq Cümşüd Nuriyev açıqlamasında qeyd olunan iddiaların həqiqəti əks etdirmədiyini bildirib: “Mətbuatda belə iddiaların davamlı işıqlandırılmasına baxmayaraq, bu kimi yanaşmaların həddindən artıq şişirdildiyini deməliyəm. Amerika böyük dövlətdir, onun siyasətinə təsir imkanı olan müxtəlif çevrələr var və onların heç də hamısının Azərbaycana münasibəti müsbət deyil. Əslində, ABŞ Konqresində Azərbaycanın əlli, Ermənistanın iki yüz tərəfdaşının olması da müqayisə aparmağa imkan verir. Belə bir şəraitdə bu nisbəti Azərbaycanın xeyrinə dəyişmək üçün həyata keçirilən istənilən fəaliyyət, təbii ki, təqdir olunmalıdır. Lakin bu, o demək deyil ki, hazırda ABŞ-Azərbaycan münasibətləri kəskinləşib və bu gərginliyi aradan qaldırmaq üçün xüsusi diplomatik kampaniyalar hazırlanır. Buna inanmayanlar, əksini düşünənlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın son günlərdə verdiyi açıqlamalara baxıb nəticə çıxara bilərlər”.

OXŞAR XƏBƏRLƏR