ABŞ Prezidenti Donald Trump ölkəsinin NATO-dan çıxma ehtimalını gündəmə gətirib. O, bu barədə "The Telegraph”nəşrinə müsahibəsində danışaraq məsələni ciddi şəkildə düşündüyünü bildirib.
Tramp alyansı "kağız pələng” adlandıraraq onun effektivliyinə inanmadığını vurğulayıb.
Politoloq Aytən Qurbanova AZXEBER.COM-a açıqlamasında deyib ki, yeni dünya nizamının formalaşması mərhələsində NATO-nun tamamilə fəaliyyətini dayandırması mümkündür:

"ABŞ-nin NATO-dan çıxması ümumilikdə NATO-nun mövcudluğuna son qoyulması kimi qiymətləndirilə bilər. Çünki tarixi yaranma dövrünə nəzər yetirdikdə görürük ki, 1948-ci il Brüssel müqaviləsi əsasında formalaşan NATO 1949-cu ildə Amerika Birləşmiş Ştatlarının təşəbbüsü və liderliyi ilə hərbi-siyasi alyansa çevrildi. İkiqütblü dünya nizamında qütblərdən birini təmsil edən bu qurum ən mühüm hərbi-siyasi bloklardan biri oldu. Yeni dünya nizamının formalaşması mərhələsində isə NATO-nun ya tamamilə fəaliyyətini dayandırması, ya da yeni konfiqurasiyada fəaliyyətini davam etdirməsi mümkündür.
Çünki müasir beynəlxalq münasibətlər sistemində artıq birləşmələrin fərqli istiqamətlərdə inkişaf etdiyini müşahidə edirik. Ənənəvi tərəfdaşlar arasında rəqabətin artması və eyni zamanda yeni güc mərkəzləri arasında tərəfdaşlıq münasibətlərinin formalaşması bu prosesi daha da gücləndirir”.
O qeyd edib ki, regional təşkilatlar genişmiqyaslı islahatlar mərhələsindən keçməlidir:
"Rusiya-Ukrayna müharibəsi fonunda, eləcə də ABŞ-İran qarşıdurması nəticəsində Avropa ilə ABŞ arasında müəyyən fikir ayrılıqları yaranmışdır. Bu isə NATO çərçivəsində qarşılıqlı etimad və birmənalı əməkdaşlıq prinsiplərinin əvvəlki kimi davam etməsini çətinləşdirir. Buna görə də proseslərin inkişaf dinamikası NATO-nun gələcəyinə, eləcə də ABŞ və digər üzv dövlətlər arasında əməkdaşlıq imkanlarına mütləq təsir göstərəcək. Digər tərəfdən, ABŞ-nin bu təşkilatdan çıxması ilə bağlı radikal qərar qəbul etməsi faktiki olaraq alyansın mövcudluğuna ciddi zərbə vurmaqla yanaşı, onun sonunu da gətirə bilər. Bu məsələ, o cümlədən Qrenlandiya ilə bağlı səsləndirilən iddialar kontekstində də müzakirə olunmuş və mümkün nəticələrin ciddi risklər doğura biləcəyi qeyd edilmişdir. Hazırkı mərhələdə bir sıra beynəlxalq institutlar müəyyən mənada əvvəlki təsir gücünü itirməkdədir. Buna görə də BMT, NATO, Avropa İttifaqı kimi beynəlxalq və regional təşkilatlar ya genişmiqyaslı islahatlar mərhələsindən keçməli, ya da yeni reallıqlara uyğun fərqli formatlarda yenidən formalaşmalıdır”.
Şahanə Ziyad











































