ABŞ-nin Florida ştatında qeyri-qanuni miqrantlar üçün nəzərdə tutulan və "Alliqatorlu Alkatras" ("Alligator Alcatraz") adlandırılan həbsxanada saxlanma şəraitinə etiraz olaraq məhbuslar 10 günlük aclıq aksiyasına başlayıblar.
AZXEBERŞCOM Oxu.Aza istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Qeyri-insani və təhlükəli şəraitə qarşı keçirilən etiraz nəticəsində məhbuslardan biri səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq, o, aclıq aksiyasını davam etdirir və yeməkdən imtina edir.
"Biz hamımız çərşənbə axşamından bəri aclıq edirik. Onlar bizə hörmət etməyənə qədər yemək yeməyəcəyəm", - deyə o, bildirib.
Məlumata görə, onun həyatı ilə bağlı ən çox narahatlıq keçirən həyat yoldaşıdır. Qadın sevdiyi şəxsin həbsxanada həyatını itirməsindən və özünün təkbaşına Kubaya deportasiya olunmasından qorxur.
Hüquq müdafiəçiləri artıq bu həbsxanadakı şəraitlə bağlı məhkəməyə müraciət ediblər. Onlar saxlanılan şəxslərə hüquqi yardımın göstərilmədiyini bildirirlər. Lakin rəsmi qurumlar bu iddiaları təkzib edirlər.
Xatırladaq ki, qeyri-qanuni miqrantlar üçün Floridanın məşhur bataqlıq ərazisi olan Everqleydsdə inşa edilən "Alliqatorlu Alkatras" timsahlar və pitonlarla əhatələnib. Bu yer məhbusların qaçmasının qarşısının alınması üçün xüsusi olaraq seçilib.