Yəməndəki husilər ABŞ və İngiltərənin Hudeydada həyata keçirdiyi hücumda 16 mülki vətəndaşın öldüyünü bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə əlaqədar husilərə bağlı Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada "ABŞ və İngiltərənin Hudeydə şəhərinə cümə axşamından cümə gününə keçən gecə həyata keçirdiyi hava hücumları nəticəsində 16 mülki vətəndaş həyatını itirib, 35 mülki vətəndaş isə yaralanıb”, - deyə bildirilir.
ABŞ və Böyük Britaniya hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə hücumlar təşkil edir.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb.
ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.