ABŞ və İsrailin heç bir şərti qəbul edilmədi - "İran mənəvi baxımdan qalib gəldi"

ABŞ və İsrailin heç bir şərti qəbul edilmədi - "İran mənəvi baxımdan qalib gəldi"
SİYASƏT
16:06 08.04.2026
503
"İran xalqı mənəvi baxımdan qalib gəldi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, burada qalibiyyətdən nisbi mənada danışmaq olar:


"ABŞ İran qarşısında 4-5 tələb irəli sürmüşdü. İsraillə də bu məsələlərdə ortaq idi ki, rejim dəyişdirilsin, İran müttəfiqləri ilə - Hizbullah, Həmas və digərləri ilə əlaqələrini kəssin. Daha sonra nüvə silahı proqramını dayandırsın və zənginləşdirilmiş uranı ölkədən çıxarsın. Amma onların irəli sürdükləri hədəflərin heç birinə nə ABŞ, nə də İsrail nail ola bilmədi. Baxmayaraq ki, İranda xeyli dağıntılar və itkilər var. Bununla belə, İran xalqı, demək olar ki, öz konsolidasiya imkanları və vəhdəti sayəsində mənəvi baxımdan qalib gəldi və öz kimliyini qoruyub saxlaya bildi. Yəni psixoloji baxımdan İranı sındıra bilmədilər. İran həm amerikalılara, həm də İsrailə təsirli zərbələr endirdi”.

Politoloq vurğulayıb ki, ABŞ və İsrail öz itkilərini ciddi şəkildə ört-basdır edirlər:

 "ABŞ və İsrail  hücum edən tərəf idi. ABŞ və İsrail öz itkilərini ciddi şəkildə ört-basdır edirlər. İsraildə vaxtından əvvəl məlumat yayan və ya dağıntıları göstərən şəxslərə 5 il həbs cəzası nəzərdə tutulur. Bu isə göstərir ki, ört-basdır etməklə yaranmış problemləri aradan qaldırmaq mümkün olmayacaq.
İran isə öz itkilərini açıq şəkildə təqdim etdi. İlk vaxtlar yayılan "İranda 30-40 min insan ölüb” kimi məlumatlar yalandır. Rəsmi məlumata görə, İranda ölənlərin sayı 3177 nəfərdir. Onlardan təxminən 30 nəfərin şəxsiyyəti müəyyən edilə bilməyib, çünki ciddi yanıq xəsarətləri alıblar.
Həlak olanların içində 200-ə yaxın polis əməkdaşı, İslam Keşikçiləri və "Bəsic” nümayəndələri var. Bu da onu göstərir ki, İran daxilində əvvəldən yerləşdirilmiş casus şəbəkələri mövcud olub və onlar silahlı fəaliyyət göstəriblər.
Donald Tramp özü də etiraf etmişdi ki, insanlara rejimi dəyişmək üçün müəyyən imkanlar yaradılmışdı. Hətta "kürd kartı”ndan istifadə etmək cəhdləri də olub, lakin bu da baş tutmayıb”.

O deyib ki, tərəflər bundan sonra da atəşkəsə əməl etməlidir:

"Hazırda arzu olunan odur ki, yaxın iki həftə ərzində tərəflər mövqelərini bir qədər yaxınlaşdırsın və bu proses dayandırılsın. Çünki insanlar artıq yorulub, itkilərin miqyası isə kifayət qədər böyükdür.
Ona görə də bu proseslərdən nəticə çıxarmaq son dərəcə vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR