2016-cı ildə Aprel döyüşlərindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayaraq "Böyük Qayıdış” prosesinə start verib. Bu proqram çərçivəsində uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların doğma torpaqlarına mərhələli və təhlükəsiz şəkildə geri dönüşü təmin olunur.
"Böyük Qayıdış” prosesi yalnız əhalinin geri dönməsi ilə kifayətlənmir, eyni zamanda regionda iqtisadi həyatın canlandırılması, yeni iş yerlərinin yaradılması və dayanıqlı inkişafın təmin olunmasını da əhatə edir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə icra edilir, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Artıq Zəngilan, Füzuli, Laçın və Şuşa kimi ərazilərə ilk köçlər həyata keçirilib və minlərlə insan doğma yurdlarına qayıdıb.
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış” prosesi 2026-cı ildə də sürətlə davam edir, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri fonunda keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Son məlumatlara görə, artıq on minlərlə insan yenidən bu ərazilərdə məskunlaşıb, ilin sonuna qədər isə qayıdanların sayının daha da artaraq yüz minlərlə nəfərə çatacağı gözlənilir.
Əslən Xocalıdan olan Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a bildirib ki, yurd-yuvamıza qayıtmaqdan daha böyük xoşbəxtlik yoxdur:

"Mən hazırda Xocalıdayam. Artıq 2 aydır ki, bura köçmüşəm. Əgər 34-35 ildən sonra biz düşməni torpaqlarımızdan təmizləyib, doğma yurd-yuvamıza qayıtmışıqsa, bundan böyük xoşbəxtlik ola bilməz. Hər birimizin ən müqəddəs arzusu və diləyi bu idi ki, torpaqlarımızı işğaldan azad edək və doğma yurd-yuvamıza qayıdaq. Qarabağa qayıtmaq bizə qismət oldu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror əməliyyatlarından sonra torpaqlarımız düşməndən tam təmizləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Hazırda "Böyük Qayıdış” proqramı həyata keçirilir və insanlar mərhələ-mərhələ öz doğma torpaqlarına qayıdırlar. Demək olar ki, bu proses hər gün davam edir”.
Parlamentari qeyd edib ki, köçlə birlikdə yenidənqurma işləri də aparılır:
"Eyni zamanda genişmiqyaslı yenidənqurma işləri aparılır. Bütün rayonlarda bu proses gedir: evlər tikilir, yollar çəkilir, elektrik enerjisi, su, qaz və rabitə təminatı qurulur. Təbii ki, bütün bunları eyni anda həyata keçirmək mümkün deyil, buna görə də işlər mərhələli şəkildə aparılır. Dövlətimizin diqqətdə saxladığı ən vacib məsələlərdən biri də qayıdan insanların məşğulluğudur. İnsanların işlə təmin olunması üçün addımlar atılır. Körpə uşaqlar üçün uşaq bağçaları, məktəb yaşlı uşaqlar üçün təhsil müəssisələri fəaliyyətə başlayır. Eyni zamanda, əhalinin sağlamlığının qorunması üçün tibb məntəqələri və xəstəxanalar fəaliyyət göstərir. Bütün bu məsələlər paralel şəkildə həyata keçirilir və qayıdış olan hər bir ərazidə diqqət mərkəzində saxlanılır. Məktəb, səhiyyə, yol, su, işıq, qaz, rabitə kimi bütün infrastruktur təminatları nəzərə alınır və yeni iş yerlərinin yaradılması istiqamətində işlər görülür”.
"Qarabağa qayıdış çox sevindiricidir və dövlətimizin gücünü göstərir. Müharibədən yeni çıxmış bir ölkə olmasına baxmayaraq, dünyada mövcud gərgin vəziyyət fonunda dövlətimiz həm təhlükəsizliyimizi təmin edir, həm də əhalinin qayıdışını və normal yaşayışını təşkil edir.
Bu, hər birimizin illər boyu arzuladığı bir reallıqdır. Dövlətimiz var olsun, ordumuz var olsun. Azərbaycan xalqı bu gün qalib xalq kimi başı uca dünyada yaşayır”,- deyə deputat vurğulayıb.
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyüş Qayıdış”” mövzusunda dərc edilib.
Şahanə Ziyad












































