ABŞ yeni müharibədən çəkinir, İran isə geri addım atmır - Bundan sonra nə olacaq?

ABŞ yeni müharibədən çəkinir, İran isə geri addım atmır - Bundan sonra nə olacaq?
SİYASƏT
13:31 22.04.2026
304
İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran görüşü ətrafında qeyri-müəyyənlik davam edir. İran nümayəndə heyəti hələ də İslamabada yollanmayıb. Rəsmi Tehran açıq şəkildə bəyan edib ki, Hörmüz boğazına tətbiq olunan blokada aradan qaldırılmadan danışıqlarda iştirak etməyəcək.

Belə bir vəziyyətdə prosesin hansı istiqamətə yönələcəyi sual doğurur. Mövcud gərginlik fonunda atəşkəsin davamlı sülhə çevrilib-çevrilməyəcəyi, yoxsa əksinə, yeni qarşıdurma riskini artırıb-artırmayacağı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, proseslərin daimi sülhə çevrilməsi mümkünsüzdür:

"Yaranmış vəziyyəti və tərəflərin mövqeyini nəzərə aldıqda proseslərin daimi sülhə aparacağını demək mümkün deyil. Vəziyyət kifayət qədər mürəkkəb və gərgindir. İran ilə Amerika Birləşmiş Ştatları arasında konkret məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı fikir ayrılığı mövcuddur.  Yəni bu kəskin fikir ayrılığı aradan qaldırılmayana qədər daimi sülhdən danışmaq və tərəflərin hansısa kompromisə gələcəyini demək mümkün deyil”.


O bildirib ki, İran bu danışıqlarda iştirak etmək istəməmə səbəbi olaraq, İran limanlarının blokadasını göstərir:

"İndiki mərhələdə gözlənilən danışıqlar baş tutmur və onların baş tutmamasının səbəbi artıq aydındır. İran bu danışıqlarda iştirak etmək istəmir və əsas kimi İran limanlarının blokadasını göstərir. Eyni zamanda, Amerika Birləşmiş Ştatların danışıqlarda İrana qarşı yüksək tələblər və şərtlər irəli sürdüyünü bəyan edir”.

Politoloq qeyd edib ki, ABŞ danışıqlar və diplomatiya yolu ilə öz məqsədlərinə çatmağa çalışır:

"ABŞ Prezidenti Donald Tramp son günlərdə belə açıqlamalar verirdi ki, hərbi gücdən istifadə oluna bilər. Lakin görünən odur ki, Amerika Birləşmiş Ştatları hələ də İrana qarşı hərbi gücdən istifadə etməklə yeni müharibə başlatmaqdan çəkinir. Təbii ki, bunun da ciddi səbəbləri var. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları danışıqlar və diplomatiya yolu ilə öz məqsədlərinə çatmağa çalışır və qarşıdakı atəşkəs dövründə də İrana qarşı təzyiqləri artırmaqla müəyyən məqsədlərinə nail olmağa cəhd edəcək. Çünki yeni müharibə Amerika Birləşmiş Ştatları üçün də ciddi siyasi və iqtisadi risklər doğura bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR