Abşeron Rayon İcra Hakimiyyətində rayonunun səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev ölkədə səhiyyə və mədəniyyət sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışmışdır. RİH başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi səhiyyə və mədəniyyət istiqamətində də böyük inkişafa nail olunmuşdur. Bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində Azərbaycan COVİD-19 pandemiyasını tamamilə nəzarət altına ala bilmiş və demək olar ki, az itkilərlə bəşəri bəlanın öhtəsindən gəlməkdədir. Ölkəmizdə həyata keçirilən vaksinasiya proseslərinin uğurla reallaşdırıldığını söyləyən başçı vaksinlərin alınıb respublikamıza gətirilməsinin cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun və əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Respublika ərazisində, o cümlədən Abşeron rayonunda da müasir standartlara cavab verən xəstəxana binalarının tikilib istifadəyə verildiyini, xəstəxanaların maddi-texniki bazasının gücləndirildiyini, dünyanın ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirildiyini və kadr hazırlığı istiqamətində əhəmiyətli tədbirlərin görüldüyünü xatırladan başçı Azərbaycan insanının sağlamlığının qorunması və səhiyyəmizin daha da inkişaf etdirilməsi istiqamətində islahatların həyata keçirildiyini bildirmişdir.
Çıxışında Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan, onun rəhbərliyi altında bu sahədə əldə olunan uğurlardan, yüzlərlə mədəniyyət ocaqlarının, muzeylərin tikilib istifadəyə verilməsindən, tarixi abidələrin təmir-bərpa edilməsindən söz açan başçı qeyd etmişdir ki, Azərbaycan musiqisinin, incəsənətinin və ümumilikdə mədəniyyətinin bütün dünyada tanıtdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif çoxşaxəli layihələrin müstəsna əhəmiyyəti olmuşdur.
Abşeron rayonunda da səhiyyə və mədəniyyət sahəsində böyük uğurların əldə olduğunu bildirən cənab Abdin Fərzəliyev qeyd etmişdir ki, bütün bunlarla yanaşı müəyyən problemlər də mövcuddur. Rayon ərazisində təcili tibbi xidmət göstərən tibbi briqadaların sayının azlığını vurğulayan başçı bəzi tibb məntəqələrinin və mədəniyyət ocaqlarının binasının müasir standartlara cavab vermədiyini, Aşağı Güzdək və Ceyranbatan qəsəbələrinin Tibb Məntəqələrinin binalarının qəzalı vəziyyat olduğunu, bəzi respublika əhəmiyyətli binaların sənədləşdirilmə prosesinin aparılmadığını qeyd etmiş, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin və aidiyyatı dövlət orqanları ilə perspektivdə birgə görüləcək işlər barədə də məlumat verilmişdir.