Yayda ən çox nə haqda düşünrük?
Endirimlərdə gördüyümüz bir cüt gözəl ayaqqabını və çantanı çıxmaq şərtilə?...
Təbii ki, istirahət! Boynumuza alaq ki, iş saatımızın heç olmasa 10-15 dəqiqəsi özümüzü istirahətdə təsəvvür etməyimizə həsr olunur. Istirahət haqqımızı istifadə etmək üçünsə, yüksək keyfiyyət və uygun qiymət axtarışına çıxırıq. Şübhəsiz, hamı özünə uygun nəsə tapır.
Mətnin bundan sonrası istirahət üçün Batumini seçənlər üçün maraqlı olmalıdır. Tərəddüd edənlər də yaxın gəlsin. Çünki, Batumi maraqlı və hesablı istirahət üçün əvəzolunmaz yerdir. "Əli və Nino” nun sehirli qovuşmasına şahid olan Batumi Bulvarından başlayan səyahətinizi unutmayacaqsınız. Çünki, dünyanın ən zəngin botanika baglarından biri olan Botanika bagında gəzərək, Delfinariyaya baş çəkərək, Qonia Qalasına səyahət edərək rəng qatacagınız səfəriniz dəniz, günəş və yerli sakinlərin isti münasibətilə unudulmaz olacaq. Batumi həm də yaddaşınızda ləzzətli mətbəxi ilə də qalacaq. Mən həyatımda artıq unudulmaz xatirəyə səbəb olan acar xaçapurisindən danışmaq istəyirəm. Acar xaçapurisi ləzzəti ilə yanaşı, həm də qeyri adi forması ilə secilir. Digər xaçapurilər başqa yeməklərlə bir yerdə verilə bilinər, ancaq acar xaçapurisi ya səhər yeməyinə, ya da nahara ayrıca təqdim olunur. Acar xaçapurisinin xüsusi yemək qaydası var və bu qaydaya əməl etməyəndə xaçapurinin əsl dadını almaq olmur. Ən əsası isə Acar Xaçapurisi günəşlə dənizin "ləzzətli” birləşimidir. Deyilənlərə görə, Qara Dəniz sahilində Acar Xaçapurisinə qayıq forması verən lazlar, çörəyi bəzəyən yumurtanı qürub edən günəşə bənzədiblər. Yəni bu ləziz xaçapurinin özünəməxsus fəlsəfəsi də var. Mənim xatirəm isə xaçapurinin hazırlanması ilə baglıdır. Xüsusi yemək qaydası olan xaçapurinin hazırlanması da ciddiyyət tələb edir. Ötən il Batumiyə "Turne” verilişinin yaradıcı heyyəti ilə səfər etdik. Proqramın aparıcısı, yaxın dostum, Mirsəməd Cəfərli mənə və press turun daha bir xanım iştirakçısına, xaçapurinin hazırlıq prosesində iştirak etməyi təklif etdi. Aşbazlar bizi çətinə salmadan, yumurtanı xaçapurinin üstünə vurmagı təklif etdilər. Hündür boyumun və mətbəxdən xəbərsizliyimin mənə verdiyi əminliklə yumurtanı yuxarıdan qırdım və təbii ki, o qayıq formalı çörəyin üstündə "günəş” kimi görsənmədi. Daha çox Salvador Dali rəsmlərinə bənzəyən əl işimi özüm yedim və bəyəndim. Amma, əsas məsələ bundan sonra başlayır. "Turne” verilişində mənim Acar xaşapurisini "xarab” eləməyim efirə gedir. Mən xaçapurinin dadını unutmasam da, ona yuxarıdan aşagı baxmagım yadımdan çıxır. Bunun üstündən xeyli müddət keçdikdən sonra, bir məclisdə, ortayaşlı, səliqəli bir xanımın məndən gözünü çəkmədiyini hiss elədim. O və yanındakı xanım, rəfiqəm Günay Novruzqızı ilə mənə yaxınlaşır, Günayı efirdən tanıdıqlarını deyir, heyranlıqlarını ifadə edirlər. Mən də eyni səbəbdən göz "əsirliyinə” alındıgımı düşünüb gülümsəyirəm, amma, bundan sonra olanlar Acar Xaçapurisinin adını heç vaxt unutmamagıma səbəb olur. Səhərdən bəri mənə diqqətlə baxan xanım "Siz "Turne” verilişində gül kimi xaçapurini xarab eliyən qızsınız?” sualını verir. Təbii ki, əsl evdar xanımın mənim həyata keçirdiyim səliqəsiz yumurta atışını bəyənməməsi, hətta qəzəblənməsi başa düşüləndir. Yəqin siz də mənim Batumi və xüsusilə də Acar xaşapurisi sevgimi anladınız. Batumi üzünüzdə gülüş doguracaq bir yerdir. Bu dəfə də Batumiyə gedəndə əsl acar xaçapurisinin bişirildiyi məkana gedib, Acar xaşapurisi ilə yenidən görüşdüm. Onun haqqını verərək yediyimə şübhəniz olmasın. Yeməyi bişirməkdən daha yaxşı bacarıram. Bir də, məncə Batumiyə dostlarla gedin, çünki, Batumi bulvarı elə bil dostlarla söhbətləşib, yürüş etmək üçün nəzərdə tutulub. Mənə elə gəlir ki, mən Batumidən hələ yenə yazacam, ona görə də tərif dolu cümlələrimi o biri xatirələrimə saxlayıram. Unutmayaq, istirahət həm də ləzzətli olmalıdır. Acariya isə dogurdan da ləziz yeməklərlə məşhurdur.








