"Acınız acımızdır..." - Türkiyəni yasa boğan təyyarə qəzalarının SƏBƏBLƏRİ - ARAŞDIRMA

"Acınız acımızdır..." - Türkiyəni yasa boğan təyyarə qəzalarının SƏBƏBLƏRİ - ARAŞDIRMA
ÖZƏL
13:40 12.11.2025
1332
Dünən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Məlumata görə, təyyarə Gəncə Hava Limanından Türkiyəyə doğru hərəkət edirdi. Uçuş zamanı radar əlaqəsi qəfil kəsilib və qısa müddət sonra təyyarə dağlıq ərazidə yerə çırpılıb.

Rəsmi məlumatlara görə, təyyarədə 20 Türkiyə hərbçisi olub və onların hamısı şəhid olub. Hadisə yerinə Türkiyə və Gürcüstanın axtarış-xilasetmə qrupları cəlb edilib. Hazırda qəzanın səbəbləri araşdırılır. Bu hadisə Türkiyə Hərbi Hava Qüvvələrinin son illərdə baş vermiş ən ağır qəzalarından biri kimi dəyərləndirilir.

AZXEBER.COM qardaş ölkə tarixində baş verən təyyarə qəzaları ilə bağlı araşdırma aparıb. Ümumilikdə Türkiyənin müstəqillik tarixindən bu günə kimi 15 təyyarə qəzası baş verib. 
 
Rəsmi araşdırmalara görə, qəzaların böyük qismi duman, güclü külək, qar və ya aşağı görünmə şəraiti zamanı baş verib. Bəzi qəzalarda mühərrik sıradan çıxması, elektron sistemin nasazlığı və ya uçuş öncəsi texniki yoxlamaların yetərsiz aparılması əsas səbəb kimi göstərilib. 

 

Son illərdə dövlət bu istiqamətdə mühüm addımlar atıb. Xüsusən uçuş simulyatorlarının artırılması, radar sistemlərinin yenilənməsi, texniki xidmətin beynəlxalq standartlara uyğunlaşdırılması kimi. Amma hərbi aviasiyada risk səviyyəsi hələ də mülki uçuşlara nisbətən yüksəkdir və qəzaların bir çoxu məhz hərbi aviasiyada baş verir. 


Həmin qəzaları xronoloji ardıcıllıqla təqdim edirik:

🕓 23 sentyabr 1961 – Turkish Airlines Fokker F27 tipi təyyarəsi Ankara yaxınlığında qəzaya uğrayıb. 28 nəfər həlak olub.

🕓 8 mart 1962 – Fairchild F-27 təyyarəsi Adana yaxınlığında dağa çırpılıb. 11 nəfər həyatını itirib.

🕓 26 yanvar 1974 – İzmir–İstanbul istiqamətində Fokker F28 təyyarəsi qalxış zamanı qəzaya uğrayıb. 73 nəfərdən 67-si həlak olub.

🕓 19 sentyabr 1976 – Boeing 727-200 təyyarəsi Isparta üzərində pilot səhvi səbəbindən dağa çırpılıb. 154 nəfər ölüb.

🕓 29 dekabr 1994 – Ankara–Van reysi zamanı Boeing 737-4Y0 təyyarəsi enişdə qəzaya uğrayıb. 57 nəfər həlak olub.

🕓 8 yanvar 2003 – İstanbul–Diyarbakır reysi zamanı enişdə aşağı görünmə səbəbindən baş verən qəza nəticəsində 75 nəfər həyatını itirib.

🕓 30 noyabr 2007 – İstanbul–Isparta reysi zamanı Keçiborlu yaxınlığında dağa çırpılıb, 57 nəfər həlak olub.

🕓 25 mart 2009 – Kahramanmaraşda helikopter qəzaya uğrayıb. Muhsin Yazıcıoğlunun da olduğu təyyarədə 6 nəfər həlak olub.

🕓 22 iyun 2012 – Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəsi Suriya sərhədində vurulub, 2 pilot şəhid olub.

🕓 2 iyul 2016 – Balıkesirdə təlim uçuşu zamanı 2 pilot həlak olub.

🕓 10 mart 2017 – İstanbulda helikopter qəzası nəticəsində 7 nəfər həyatını itirib.

🕓 13 yanvar 2018 – Ankara–Trabzon reysi zamanı təyyarə dəniz sahilinə enib, xəsarət alan olmasa da, təyyarə tam sıradan çıxıb.

🕓 5 fevral 2020 – Sabiha Gökçen hava limanında təyyarə enişdən sonra pistdən çıxıb, 3 nəfər həlak olub.

🕓 4 mart 2021 – Tatvan (Bitlis) bölgəsində Cougar helikopteri qəzaya uğrayıb, 11 hərbçi şəhid olub.

🕓 İyun 2024 – Təlim uçuşu zamanı iki pilot şəhid olub.

Bu son hadisə, Türkiyə hərbi aviasiyasında təhlükəsizlik standartlarının yenidən qiymətləndirilməsini, texniki nəzarətin və uçuş infrastrukturunun gücləndirilməsini zəruri edən ağır bir xəbərdarlıq kimi qiymətləndirilir.
 
Şəhanə Ziyad 
OXŞAR XƏBƏRLƏR