"Açıq havada maska taxmağın mənası yoxdur və məntiqsizdir" - Tural Abbaslı "Onun 10 cavabı"nda

SİYASƏT
15:05 21.04.2021
11114
AZXEBER.COM-un "Onun 10 cavabı” rubrikasının növbəti qonağı tanınmış siyasətçi, Ağ Partiyanın sədri Tural Abbaslıdır. 

Tural Abbaslı jurnalistlərin ona ünvanladığı 10 sualı cavablandırıb. 
 

1. Məhəmməd Türkmən

- Hazırda Tural bəyin  siyasi reytinqi yüksəkdir. Bu gedişat onu nə vaxtsa deputat edə bilərmi və əgər Tural Abbaslı deputat olsa, Parlamentdə təmsil olunan müxalif deputatlardan nə ilə fərqlənəcək?

- Məhəmməd bəy bizim reytinqi yüksək qiymətləndirdiyi üçün sağ olsun. Amma mən partiya olaraq çatdığımız mərhələdən hələ ki, razı deyiləm. Düşünürəm ki, daha geniş auditoriyaya çata bilərik. Bizim hədəfimiz yalnız Parlamentdə təmsil olunmaq deyil. Deputatlıq bir mərhələdir. Bu, mən də ola bilərəm, partiyadan başqası da ola bilər. Buna Tural Abbaslı olaraq yox, Ağ Partiya olaraq baxıram. Bizim təmsilçilərimiz Parlamentdə olarsa, daha gözəl olar. Orada iştirak edərək bizim mövqeyi sərgiləyərlər. Amma bizim mövqeyimiz onlardan fərqlənmək deyil, xalqa xidmət etməkdir. Yəni, iş görərkən fərqlənəcəyiksə, o başqa, amma sırf fərqlənmək üçün nəsə etmək deyə düşüncəmiz yoxdur.
 
2. Səbuhi Abbasov

- Bəzi blogerlər, xaricdə yaşayan jurnalistlər Vətən Müharibəsi zamanı sizi az qala xain elan edəcəkdilər. Gərgin müharibə zamanı dövləti, Ali Baş Komandanı dəstəkləmək müxalifət üçün xəyanətdirmi?

- Əgər bu dövlət Vətən uğrunda müharibə aparırsa, bu, dövlətin müharibəsidir, iqtidarın, müxalifətin və ya bloqerlərin müharibəsi deyil. Vətənin müharibəsində də bir cəbhə olar – düşmən və sən. 44 günlük Vətən Müharibəsində mənim üçün iqtidar, müxalifət, onlar, biz anlayışları yox idi. Azərbaycan yenə haqq uğrunda müharibəyə başlayarsa, biz yenə iqtidara dəstək verəcəyik. Çünki bizim üçün Vətən, millət, dövlət, bayraq məfhumları hər şeydən üstündür. Bu ərəfədə kimlərinsə bizə hansı münasibəti bəsləməsi bizim üçün maraqlı deyil. 

3. Samir Feyruzov

- İllərdir müxtəlif siyasi partiya üzvləri öz tənqidi fikirlərini "Facebook" üzərindən yayımlayır. Sizin də həmçinin öz siyasi platformanız, daha çox budur. Bilmək istəyirəm ki, sizin həmin digər siyasi partiya üzvlərindən fərqli cəhətləriniz nələrdir?

- Bilmirəm, niyə hamı fərqlənməkdən danışır. Mən də jurnalistlərə eyni sualı verə bilərəm ki, "Əkinçi”dən götürəndə yenə qəzetdir, qələmdir, sizin 100 il bundan əvvəlki jurnalistlərdən fərqiniz nədir? Bizim iddiamız yenidən siyasi ritorika kəşf etmək deyil. Məqsədimiz Vətənə, xalqa xidmət etməkdir. Burada fərqlənmək deyəndə bilmirəm nə nəzərdə tuturlar. Bizim fərqlənmək kimi niyyətimiz yoxdur. Biz təklif veririk, müzakirə açırıq, tənqid edirik, dəstək veririk. Bütün bu proseslər bizim vəzifə borcumuzdur. Necə ki, jurnalistin işi, məsələn gedib müsahibdən müsahibə almaqdır. Siyasətçinin də işi xalqa xidmət etməkdir.

4. Ruslan Eldaroğlu

- Türkiyədə belə bir ideologiya var ki, siyasət ayrı, milli mənafe ayrı. Yəni, siyasətdə müxalif fikirli olan şəxslər, partiyalar dövlət və millət məsələsində hakimiyyətlə həmrəylik nümayiş etdirir. Bəyanat belə yayırlar ki, dövlətimizin , millətimizin arxasındayıq. Bizdə isə özünü tam müxalif şəxs və ya partiya hesab edənlər belə diplomatiyadan uzaqdır. Niyə biz belə siyasi mədəniyyəti qavraya bilmirik və ya qavramaq istəmirik?

- Doğru qeyd edir. Mən dəfələrlə saxlanılanda, həbs olunanda mənə deyiblər ki, siz dövlətə qarşı çıxırsız. Biz o adamı başa sala bilmirik ki, biz dövlətə qarşı yox, iqtidara qarşı çıxırıq. Dövlətin özü belə iqtidar, dövlət anlayışını ayırmır. Siyasi mədəniyyətin formalaşmaması, siyasi ideologiyaların oturuşmamasının səbəbi də iqtidardır. İqtidar nə vaxt bir normal siyasi mühit yaratdı, nə vaxt normal siyasi münasibətlər yaratdı ki, müxalifət ona qucaq açmadı? Son bir ildən bir az artıqdır ki, siyasi dialoq prosesi başlayıb. Nisbətən real addımlar indi atılır, danışıqlar gedir. Təbii ki, hər yerdə heç nəyi qəbul etməyənlər var. Amma böyük əksəriyyət bu prosesdə iştirak edir. 

5. Mikayıl Mirzəzadə

- Son günlər sosial şəbəkələrdə açıq havada maska taxmaq qərarının ləğvi üçün aksiyalar başlayıb. Bu qərara sizin münasibətiniz necədir?

- Pandemiya ilə mübarizə bütün dünyada müzakirə mövzusudur. Bunu hansısa qaranlıq qüvvələrin təxribatı kimi adlandıranlar da var. Maskanın qoruduğunu qeyd edən bu sahənin mütəxəssisləri var. Maskanın ziyan verdiyini deyən yenə bu sahənin mütəxəssisləri də var. Yəni onların da bəziləri deyir olar, bəziləri deyir olmaz. Mən düşünürəm ki, artıq yay ayları gəlir, ona görə bu, yumşaldılmalıdır. Qapalı məkanlarda olar, amma açıq havada maska taxmağın mənası yoxdur və məntiqsizdir. Yay aylarında onsuz da insanlar taxmayacaq, bu da xalqla dövlət arasında gərginlik yaradacaq. Düşünürəm ki, bu məcburiyyət ləğv olunmalıdır. 

6. Aqil Ələsgər

- Tural bəy, əvvəlki illərə nisbətdə partiyaların fəaliyyətində dinamizm, aktivlik nəzərə çarpır. Bu, sırf bu gün şərait yaradıldığı üçün belədir, yoxsa quyunun dibində həqiqətən su var idi? Yeni siyasi münasibətlərdə dəyişilməsini və ya gətirilməsini istədiyiniz nələr var?

- Quyunun dibində həmişə su olub. Biz quyuya süni şəkildə suyun tökülməsinin tərəfdarı olmamışıq. Bu, yaradılan şəraitlə bağlıdır. Məsələn, mən iyirmi ildir siyasətdəyəm, amma cəmiyyətdən soruşsanız, məni yeni-yeni tanıyır. Mənim birdən-birə qabiliyyətim artdı və ya üçüncü gözüm açıldı? Əvvəllər şərait yaradılmırdı. Süni şəkildə bu proseslərin qarşısı alınırdı. Amma indi hamıya bərabər şərait yaradılmağa cəhd olunur. Bu da rəqabət yaradır. O zaman da kimin qabiliyyəti, bacarığı daha üstündürsə, o daha önə çıxır.  Ümid edirəm ki, yaxın 3-5 il ərzində Azərbaycanda siyasi partiyalar normal bir forma alacaq və peşəkar strukturlar meydana çıxacaq. 

7. Niyam Şirinov

- Azərbaycanda kişilərin 49,8%-i pensiya yaşına çatmadan vəfat edir. Bu da yarıbayarı deməkdir. Pensiya yaşının azaldılması lazımdırmı sizcə? Bu qədər yüksək olmasını nə ilə əlaqələndirirsiniz?

- Pensiya yaşının bu qədər yüksək olması Hadı Rəcəbli kimi bizim keçmiş deputatların hakimiyyətə yarınmaq cəhdlərindən irəli gəlir. Bilirsiniz ki, kim büdcədən daha çox qənaət edib rəhbərliyə təqdim etsə, o daha ağıllı hesab olunur. Amma baxır nəyə rəğmən büdcəyə qənaət edirsən. Məqsəd büdcə yox, əhali olmalıdır. 65 yaş çox yüksəkdir. Mən düşünürəm ki, bu, çox endirilməlidir. Ən azı 50-55 yaşa qədər düşməlidir. Dövlət yükdən azad olmaq üçün bunu qaldırıb. Bunu endirmək lazımdır ki, bu yetim də bir gün görsün. 55 yaşda çıxıb oturub evdə pulunu alsın, həyatını yaşasın. Bəli, kişilərdə pensiya yaşına çatanadək ölüm halları 49 faizdən çoxdur. Bu da çox yüksək rəqəmdir. 
 
8. Azər Niftiyev
 
- Tural bəy, bir zamanlar gənclər sektorunun fəalı idiniz, bu gün artıq partiya rəhbərisiniz. Nə zamansa "Niyə məhz siyasət" deyə təəssüf hissi keçirmisiniz?

- Mən düşünürəm ki, hər bir insan dünyaya gələndə hansısa sahə üzrə xüsusi qabiliyyəti olur. Adətən uğurlu insanlar o insanlardır ki, onlar öz sahələrini tapırlar. Ümumiyyətlə, qabiliyyətsiz, bacarıqsız insan yoxdur. Sadəcə öz yerini tapmayan insanlar var. Düşünmürəm ki, nə vaxtsa buna görə peşman olum. Mən uşaqlıqdan özümü siyasətin bir hissəsi kimi görürdüm. Mən özümü burada daha rahat və faydalı hiss edirəm. Əvvəl gənclər sahəsində fəaliyyətdə idik. İndi orta yaşlılarda, qocalanda da yaşlılarda olacağıq. Yəni hara gediriksə, ora bir dinamizm verməyə çalışırıq. 
  
9. Günel Hüseynli

- Cəbhəçilər hökumətlə dialoqa gedən partiyaları cib müxalifəti adlandırırlar. Sizin onlara cavabınız nədir?

- Məşhur bir ifadə var, sənin alqışınla yaranmamışam ki, sənin qarğışınla da yox olam. Yəni ki, onların yanaşması odur. Mən onların bir üzvü deyiləm, onlar da mənim partiyamın üzvü deyil. Onların fikirləri mənə o qədər də maraqlı deyil. Ayamalar qoymağa gəlsə, cəmiyyət hər kəsə bir ayama qoyub. Mən istəməzdim ki, bu ənənə davam etsin. Ən azından bu, onların özünə də sərf etməz. Atılan addımın doğruluğuna və ya yanlışlığına qiymət verən bir-birimiz deyilik. Bizə xalq qiymət verir. Xalqın qiyməti də ən ədalətli qiymətdir. 

10. Aydın Nuri 

- Tural bəy, bildiyimiz kimi Ali Baş Komandan aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışını etdi. Bundan sonra isə "humanist"lər yenidən peyda oldu. Onlardan bəziləri də bildirdi ki, guya şəhid olmuş ermənilərin dəbilqələrini nümayiş etdirmək faşistlikdir. Sizin həmin "humanist"lər haqqında mövqeyiniz necədir? 

- Biz bunlara sülh göyərçinləri deyirik. Onlar sülh göyərçinləri də yox, sülh bayquşlarıdır. Sülh istəyən 30 ildə ermənilərə qarşı da belə iddia ortaya qoyardı ki, niyə torpaqlarımızı gəlib işğal etmisən? Yəni sən gəl məni döy, mən hər şeyə dözəcəm anlayışı yoxdur. Bunun adı sülhpərəstlik deyil, bunun el arasında başqa adı var. Mən indi onu demək istəmirəm. Biz də elə dövlət və millət deyilik. Bizim torpaqlarımızda bizim icazəmiz olmadan kimsə ola bilməz. Olsa da, onun elə dəbilqəsi boş qalar. Tankını, topunu da bu cür vurub gətirib sərgiləyərik. Hələ sevinsinlər ki, onların bizdəki terrorçularını bir yırtıcı kimi nümayiş etdirməmişik. Belə insanlarla adam eyni havanı udduğuna təəssüf hissi keçirir. Şəhid sözü isə dini termindir. Bu adamların savadları da yoxdur ki, bu cür fikirlər söyləyirlər. Belə göyərçinliklər edirlərsə, elə faşistlərə qarşı da humanist olsunlar. Bunlar çox pis görsənir, xalqımız da onlara layiqli qiymət verirlər.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR