Prezident İlham Əliyev: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır"
1993-cü ilin iyulun 23-ü. Ağdamın işğal tarixi. Artıq bu gün tarixə qovuşdu. Hər bir azərbaycanlı üçün qəlb ağrıdan bir tarix olsa da, uğurla sona çatan qələbəmiz işğal tariximizi Zəfərlə əvəzlədi. Nə az, nə də çox, düz 27 il işğal tariximizdən acı-acı yazdıq və o tarixi anaraq böyük sarsıntı keçirdik. Hər dəfə də qayıdacağımıza böyük ümid bəsləyirdik. Bu gün isə Ağdamın işğalından 28 il ötür deyə, qələmə alacaqdıq. Amma 44 günlük Vətən müharibəsində əldə etdiymiz QƏLƏBƏ, ZƏFƏR artıq bizə qələbə ilə yoğrulmuş fikirləri yazmağa imkan verdi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamı yaşadıq. Bu qüruru bizə, xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Nə qədər qürurlandırıcı, fərəhvericidir ki, bu gün qalib xalq olaraq işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq.
20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmışdı. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır".
"AĞDAM RAYONUNUN İŞĞALDAN AZAD OLUNMASI NOYABRIN 10-DA İMZALANMIŞ ÜÇTƏRƏFLİ BƏYANATIN NƏTİCƏSİDİR"
27 ildən sonra Ağdamın işğalına son qoyuldu. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdi ki, əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz: "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi". 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yaxın zamanda yurd-yuvasına dönəcək. Bundan qürurlu nə ola bilər? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə biz işğal altında olan torpaqlarımızı düşmənlərdən təmizləyə bildik. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması nəticəsində xalqımız öz torpaqlarına sahib oldu. Bəli, Ağdam öz sakinlərinə qaytarıldı.
"ƏGƏR HEYDƏR ƏLİYEV 1993-CÜ İLDƏ XALQIN TƏLƏBİ İLƏ GƏLMƏSƏYDİ, AZƏRBAYCAN NƏİNKİ ÖZ QALAN TORPAQLARINI İTİRƏCƏKDİ, ÜMUMİYYƏTLƏ, DÖVLƏTÇİLİK ƏLDƏN GEDƏCƏKDİ"
İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. 1993-cü ilin iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Azərbaycan Prezident bildirdiyi kimi, əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
"BÜTÜN NƏZƏRDƏ TUTULMUŞ PLANLAR BAŞ PLAN ƏSASINDA İCRA EDİLƏCƏK VƏ AĞDAM ŞƏHƏRİ YENİDƏN QURULACAQ"
Dövlət başçısı müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirib: "Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik". Cənab Prezident onu da bildirib ki, son illər ərzində Mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik: "Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır". Artıq Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən qeyd etmişdi ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.Cənab Prezident Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşləri əsnasında bildirdiyi fikirləri xatırladaraq "Deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq", deyib. Prezident onu da bildirib ki, "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır". Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, yenidən bərpa olunacaq. "Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da Mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər", deyə bildirib: "Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü".
Bu gün artıq azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənib. Belə ki, Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyulub. Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 saylı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub. Azərbaycan Prezidenti Ağdam şəhər meşə-parkının salınmasında iştirak edib. Dövlət başçısı Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verib. Şəhərin içində 125 hektarlıq meşə zolağı salınacaq. Süni göl yaradılacaq, kanallar, körpülər də istisna deyil. "Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər" konsepsiyası əsasında qurulacaq", deyə Prezident vurğulayıb. Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək və Ağdam sakinləri firavan və rahat bir həyatla təmin olunacaqlar. // SIA.AZ