ADNSU doktorantının məqaləsi 47 impakt faktorlu “Science” jurnalında dərc olunub

ADNSU doktorantının məqaləsi 47 impakt faktorlu “Science” jurnalında dərc olunub
SOSİAL
16:48 08.09.2025
282

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin birgə doktorantı, Azərbaycan-Fransız Universitetində (UFAZ) tədrislə məşğul olan Zaur Bayramovun müəllifi olduğu elmi məqalə dünyanın ən nüfuzlu akademik jurnallarından biri olan Science nəşrində çap olunub.

 

AZXEBER.COM xəbər verir ki, "Palçıq vulkanlarının aktivliyinin və səssiz maqnitudası 6 olan fay sürüşməsinin çox uzaq məsafədən dinamik şəkildə tətiklənməsi” adlı məqalə 4 sentyabr 2025-ci il tarixli buraxılışda dərc edilib və jurnalın 47 impakt faktorla (IF) elm aləmindəki nüfuzunu bir daha təsdiqləyib.


Bu hadisə həm ADNSU, həm də Azərbaycan elmi üçün əlamətdar uğurdur. Zaur Bayramovun baş müəllif olduğu bu nəşr, son illərdə Azərbaycandan belə nüfuzlu jurnalda yer alan nadir elmi işlərdən biridir. Qeyd edək ki, məqalədə ADNSU da müəllif institutları sırasında qeyd olunub.

 

Tədqiqat 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş Kahramanmaraş zəlzələlərinin Qərbi Xəzər regionunda – Kür çökəkliyi ərazisində yaratdığı geodinamik dəyişikliklərə həsr olunub. Beynəlxalq tədqiqat qrupu peyk radar (InSAR), GPS, seysmik müşahidə və süni intellekt alətləri ilə apardığı araşdırmalar nəticəsində regionda eyni vaxtda həm 56 palçıq vulkanında aktivlik, həm də 7 müxtəlif fay boyunca səssiz (aseysmik) sürüş hadisələrinin baş verdiyini müəyyən edib. Bu proseslərin episentrdən 1000 kilometr uzaqlıqda qeydə alınması, müasir geofizika üçün nadir və dəyərli müşahidə kimi qiymətləndirilir.

Tədqiqat nəticələri sübut edir ki, böyük zəlzələlər yer qabığında min kilometrlərlə uzaqda yerləşən zonalarda belə dinamik tetiklenmə effekti yarada bilər. Belə ki, Kahramanmaraş zəlzələləri nəticəsində yaranan uzunmüddətli səth dalğaları Qərbi Xəzər çökəkliklərindəki dərin maye sistemlərinə təsir göstərərək yeraltı təzyiqləri dəyişmiş və nəticədə faylarda səssiz sürüş, həmçinin palçıq vulkanlarında püskürmələr baş vermişdir. Hadisələrin ümumi təsir gücü Mw 6.1 maqnitudalı zəlzələyə ekvivalentdir.


Qeyd edək ki, Məqalə qlobal elmi ictimaiyyətin də diqqətini çəkib. El País, The Conversation kimi nüfuzlu beynəlxalq media orqanlarında tədqiqat geniş şəkildə işıqlandırılıb. Bu uğurla bağlı Zaur Bayramov Oksford Universitetində keçirilmiş elmi seminara dəvət alıb və 2024-cü ildə Vyana, Korsika və Orlean şəhərlərində baş tutmuş beynəlxalq konfranslarda mövzu üzrə çıxışlar edib.


ADNSU-nun bu tədqiqatda iştirak etməsi, Azərbaycanın elm və təhsil müəssisələrinin yalnız regional deyil, həm də qlobal miqyaslı elmi proseslərdə iştirak etdiyini göstərir. Bu nəşr, ölkəmizin gənc tədqiqatçılarının beynəlxalq elmi jurnallarda əsas müəllif kimi yer ala biləcəyini və dünya elminə sanballı töhfələr verə biləcəyini nümayiş etdirir.


Məqaləyə keçid:

https://www.science.org/doi/10.1126/science.adv8438



OXŞAR XƏBƏRLƏR