ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir
SOSİAL
19:13 09.07.2026
233
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 9–10 iyul 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən "QS Africa Forum 2026”da iştirak edir. Forumda ADNSU-nu rektorun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova, İctimai əlaqələr və marketinq şöbəsinin rəhbəri Xülya Sabirli və Reytinqlər şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil edirlər. 

Ali təhsilin gələcəyi, universitetlərin qlobal reytinqlərdə inkişafı, dayanıqlı inkişaf, məşğulluq, beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya kimi aktual mövzuların müzakirə olunduğu forum Afrika regionu ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirir. Təxminən 200-ə yaxın iştirakçının qatıldığı tədbir universitetlər üçün beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və ali təhsildə müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti forumda Azərbaycanı təmsil edən yeganə universitetdir. Bu iştirak ADNSU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi, qlobal akademik şəbəkələrlə əlaqələrinin genişləndirilməsi və universitetin beynəlxalq reytinqlər istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin davamı kimi xüsusi əhəmiyyət daşıyır.

Universitet nümayəndələri tədbir çərçivəsində keçirilən sərgidə iştirakçılara ADNSU-nun təhsil proqramları, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq istiqamətləri, sənaye ilə əlaqələri və qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verirlər.

Tədbir müddətində ADNSU nümayəndə heyəti müxtəlif ölkələrdən olan universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirir, mümkün əməkdaşlıq perspektivlərini müzakirə edir. Görüşlər zamanı tələbə və akademik mobillik, birgə tədqiqat layihələri, beynəlxalq şəbəkələrdə iştirak, dayanıqlı inkişaf təşəbbüsləri, universitet-sənaye əməkdaşlığı və qlobal reytinqlərdə mövqelərin daha da gücləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, "QS Africa Forum 2026”nın əsas müzakirə istiqamətləri müasir ali təhsilin qarşısında duran mühüm çağırışlarla səsləşir. Forumda universitetlərin yalnız bilik verən akademik qurumlar kimi deyil, həm də əmək bazarının tələblərinə cavab verən, innovasiya yaradan, dayanıqlı inkişafı dəstəkləyən və beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal problemlərin həllinə töhfə verən institutlar kimi rolu xüsusi vurğulanır. 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR