Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək "Adore” mağazalar şəbəkəsindən aldığı kosmetik məhsullarla bağlı narazılığını ifadə edib.
Vətəndaşın iddiasına görə, mağazada 50 faizə qədər endirim elan olunduğu üçün bir neçə kosmetik məhsul alıb. O, sonradan məhsulların son istifadə tarixlərinin keçdiyini müəyyən etdiyini bildirib.
Onun sözlərinə görə, aldığı konsileri istifadə etdikdən sonra üzündə allergik reaksiya yaranıb. Həmçinin tuş, bronzer və haylayterlə bağlı da narazılığını ifadə edib.
"Məhsulların hamısının son istifadə tarixi bitib. Mən konsileri istifadə etmişəm, üzüm allergiya verib. Tuşun heç bir effekti yoxdur. Aldığım bronzer və haylayterin heç bir piqmentasiyası yoxdur, yəni 0”, - deyə vətəndaş bildirib.
Vətəndaş mağazaya müraciət etdikdə isə ona çek olmadığı üçün məsələnin həll edilə bilməyəcəyinin bildirildiyini qeyd edib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, parfümeriya və kosmetika məhsulları bazarında istehlakçı hüquqları ilə bağlı problemlər mövcuddur:
"Qeyd edim ki, bazarın ən çox çirklənmiş seqmentlərindən biri parfümeriya malları seqmentidir. Uzun illərdir bazarda çirklənmə davam edir. Vaxtilə bazarda "Sabina” şirkəti olan zaman həmin şirkət özü bazarı çirkləndirənlərlə mübarizə aparmaq üçün mediada ciddi işlər görürdü.
Ondan sonra şirkət "Adore” tərəfindən alındı. "Adore”dən daim şikayətlər gəlir. Çox təəssüflər olsun ki, mediada çıxan materiallara heç bir əhəmiyyət verilmir”, - deyə ekspert bildirib.

Eyyub Hüseynov "Adore” rəhbərliyi ilə əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qaldığını da deyib:
"Azad İstehlakçılar Birliyinin sədri olaraq mən bir dəfə də "Adore” rəhbərliyi ilə danışıb, danışıq yolu ilə şikayətləri bildirməyə nail ola bilməmişəm. Ümumiyyətlə, gizlənirlər bu adamlar, yoxdurlar sanki. Yalnız istehlakçılara malı satmaq və s. Bir sözlə, "Adore”dən nə desən gözləmək olar. Çox təəssüflər olsun, dəfələrlə "Adore” ilə bağlı şikayətləri Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə göndərmişəm. Çox təəssüflər olsun ki, Agentlik də heç bir iş görməyib”.
Ekspertin sözlərinə görə, yararlılıq müddəti keçmiş kosmetik məhsulların satışına yol verilməməlidir.
"Birmənalı şəkildə yararlılıq vaxtı keçmiş malların satışı qadağandır. İstər kosmetika mağazası, istər ərzaq malları olsun və s. Çünki kosmetika malları dəri ilə təmasda olan mallardır, buradan ciddi xəstəliklər əmələ gələ bilər və s. Çox təəssüflər olsun ki, ümumiyyətlə, kosmetika malları istehsalçıları bu malların üzərində son yararlılıq müddətini və ya istehsal tarixini yazmırlar, ya da xüsusi, gizli şriftlərlə yazırlar.
Onları istehlakçılar xüsusi saytlara girib tapırlar ki, bunun vaxtı keçib, ya yox. Bu, yolverilməzdir”, - deyə Eyyub Hüseynov vurğulayıb.
O bildirib ki, məhsulların endirimdə olması onların yararlılıq müddəti ilə bağlı tələblərdən azad edilməsinə əsas vermir:
"Yararlılıq vaxtı keçmiş mal istehlakçılara satılmamalıdır. Hər halda endirim olsun, olmasın”.
AZXEBER.COM məsələ ilə bağlı "Adore” mağazalar şəbəkəsi ilə əlaqə saxlayaraq vətəndaşın iddialarına münasibət öyrənməyə çalışıb. Lakin qurumdan sorğuya cavab almaq mümkün olmayıb.
Fəridə Əsədzadə












































