Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin hərbi hücumlarına məruz qalmış İranın nüvə obyektlərindəki vəziyyət haqqında yenilənmiş məlumat təqdim edib və uran zənginləşdirmə obyektlərində əlavə zərərin müşahidə edilmədiyini bildirib.
AZXEBER.COM-un AEBA-ya istinadən verdiyi məlumata görə, R.Qrossi bunu agentliyin İdarəçilər Şurasına verdiyi bəyanatda deyib.
Onun sözlərinə görə, İsrailin cümə günü həyata keçirdiyi zərbələr İrandakı bir neçə obyektdə dağıntılara səbəb olub, lakin radiasiya fonu normal səviyyədə qalır.
R.Qrossi qeyd edib ki, Natanzda yanacaq zənginləşdirmə üzrə təcrübə zavodunun yerüstü hissəsi və enerji infrastrukturu zədələnib.
"Əsas sentrifuqa kaskadlarının yerləşdiyi yerlər zərər görməyib, lakin elektrik enerjisinin kəsilməsi onların işinə təsir edə bilərdi. Obyektdə uran birləşmələrinin sızması ilə əlaqədar daxili radioloji və kimyəvi çirklənmə qeydə alınır. Bu obyektdə nüvə materialının növünü nəzərə alaraq, uran izotoplarının obyekt daxilində yayılması mümkündür. Uranın udulması zamanı əhəmiyyətli təhlükə yarana bilər. Bununla belə, bu risk təsirə məruz qalmış obyektlərin ərazisində tənəffüs orqanlarının qorunması üçün müvafiq qoruyucu tədbirlərdən istifadə ilə effektiv şəkildə nəzarət altında saxlanıla bilər", - o bildirib.
AEBA rəhbərinin sözlərinə görə, digər əsas obyektlərdə - Fordo, İsfahan, Xondab, Buşehrdəki AES və Tehrandakı tədqiqat reaktorunda ciddi zədələr qeydə alınmayıb: "Bütün obyektlərin ətrafında radiasiya vəziyyəti dəyişməz olaraq qalır".
O qeyd edib ki, AEBA İran hökuməti ilə əlaqə saxlayır və fövqəladə hallar yarandığı təqdirdə operativ reaksiya verməyə hazırdır.
Eyni zamanda, o vurğulayıb ki, hərbi eskalasiya insanların həyatını təhlükəyə atır, həmçinin İranın nüvə silahına sahib olmayacağına dair uzunmüddətli zəmanətlərin əldə edilməsi üçün diplomatik həll yolunun tapılmasını ləngidir: "Mən bütün tərəfləri gərginlikdən qaçmaq üçün maksimum təmkin göstərməyə çağırıram".//report