“AFEN Plaza”dakı partlayışa səbəb nə olub? - AÇIQLAMA

“AFEN Plaza”dakı partlayışa səbəb nə olub? - AÇIQLAMA
SOSİAL
21:44 24.11.2025
710
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza”da partlayış baş verib. 

Hadisə nəticəsində 5 nəfər hospitalizasiya olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi və 3 qadına ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Partlayış baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, həmçinin Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Plaza sahibi bildirib ki, binada qaz olmayıb və partlayışın səbəbi ərazidə aparılan yol işləri ilə bağlıdır. Bildirilib ki, binanın qarşısında yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Nəticədə yeraltı qaz binaya sızıb və zirzəmiyə toplanan qaz səhər işçi işığı yandıranda partlayışa səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı iddialara cavab olaraq bildirib ki, məsələ aidiyyatı dövlət qurumları tərəfindən araşdırılır:

"Bununla bağlı hansısa məlumatım yoxdur. Hadisənin səbəbini müvafiq qurumlar araşdırır”.

SOCAR "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də açıqlama verərək qeyd edib ki, partlayışın dəqiq səbəbləri istintaqın yekununda bəlli olacaq:

"Əməkdaşlar ‘Azəriqaz’ məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması ilə bağlı iddialar səsləndirilir, lakin bu məsələlər hələ dəqiq təsdiq olunmayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticələr istintaqın yekununda məlum olacaq”.

Qeyd edək ki, 2017-ci il noyabrın 10-da biznes mərkəzinin dam örtüyü yanıb.

FHN-nin həmin vaxt yaydığı məlumatda deyilir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli "AFEN PLAZA" biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR