AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda Topaz Premyer Liqasının VII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan”la səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” 1000 manat cərimə edilib.
Bundan əlavə, matçın 23-cü dəqiqəsində Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılmışdı. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilmiş və epizod təhlükəli oyun kimi qeydə alınmışdı. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilib və epizod sarı vərəqə ilə qiymətləndirilib.
Amma iclasda cənub təmsilçisi haqda daha sərt qərarlar çıxarılıb. Belə kim, matçın fasiləsində “Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir edib. Bu səbəbdən o, 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
78-ci dəqiqədə Elnur Allahverdiyev hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, millimizin də üzvü olan futbolçu bu səbəbdən 6 oyunluq cəzalanıb. Klub isə daha 5000 manat cəriməyə məruz qalıb.