AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
İclasda daha çox "Kəpəz” – "Qəbələ” matçında yaşananlar müzakirə edilib.
Gəncədəki qarşılaşmada qeydə alınan xoşagəlməz hadisələr hər iki klubun cəzalanmasına səbəb olub.
"Qəbələ” 38 min 400, "Kəpəz” 3200 manat cərimələnib.
1:1 hesabı ilə başa çatan görüşün 38-ci dəqiqəsində "Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibi Nika Kvekveskiriyə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə futbolçu 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib.
Həmin epizod Kvekveskiriyə də baha başa gəlib. Rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alan legioner 3 oyun cəza və 2400 manat cəriməyə layiq görülüb.
Matçın 1-ci hissəsi bitdikdən sonra "Qəbələ” rəsmiləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlədiblər. Komitə iki şəxsə oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girməsinə 5 oyunluq qadağa qoyub. Klub isə 8000 manat ziyana düşüb.
Klubun daha bir rəsmisi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə daha ağır cəza alıb. Klub nümayəndəsinin stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, əyalət təmsilçisi 8000 manat cərimələnib.
"Qəbələ”nin digər rəsmisi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəza alıb.
Onun stadiona və bitişik ərazilərə girişinə qadağa qoyulub, klub 16000 manat cərimələnib.
"Qırmızı-qaralar”ın həkimi Namiq Hüseynov da hakimlər briqadasını təhqir etdiyi üçün cəza alıb. O, 5 oyun texniki zonadan uzaqlaşdırılıb, "Qəbələ” klubun 4000 manat cərimələnməsi ilə nəticələnib.