Tiflis üzərindən Ahısqa hədəfləri
Gürcüstanın yeni iqtidarı turizmin və kənd təsərrüfatının, kiçik sahibkarlığın, dekorativ tətbiqi sənətinin inkişafı proqramlarını həyata keçirmək üçün üzünü Ahısqa vilayətinə tutub. Bu məqsədlə ötən həftə prezident Salome Zurabişvili iki günlüyə bölgəyə səfər edib. O, son seçkilər zamanı burada yaşayan ermənilərə verdiyi sözə əməl etmək üçün gəldiyini gizlətməyib.
Maliyyə və yatırımlar Azərbaycanla Türkiyənin, qazanan isə ermənilərdir
Gürcüstan Orta Asiya və Azərbaycanın yükdaşımalarına, elektrik enerjisi xətlərinə, neft və qaz kəmərlərinin çəkilişinə, dəmiryolunun salınmasına bir qəpik də xərcləmədən tranzitə görə daim rüsum tutmaqla məşğuldur. Bu sırada qazanclı çıxan tərəf Ahısqa vilayətində yaşayan ermənilərdir. Araşdırmaçı Vage Sarkisyan İrəvanda mətbuat konfransı keçirərək bunları deyib: "Türkiyə və Azərbaycanın Gürcüstana, özəlliklə də Ahısqa vilayətinə yatırımlar qoyması bölgənin islamlaşdırılmasına gətirib çıxaracaq. Əvvəllər Borçalı vilayətində əhalinin 20-25 faizini müsəlmanlar təşkil edirdisə, bu gün onların sayı 350 min nəfərdən çoxdur. Salka (keçmiş adı Barmaqsız) rayonunda öncələr 4 azərbaycanlı kəndi var idisə, indi onların sayı 7-dir. Bölgədə ermənilər üstünlük təşkil edirdisə, indi Salkada etnik azlığa çevrilmişik. Axaltsi rayonuna Avropa Birliyinin təzyiqləri nəticəsində Ahısqa Türklərinin dönüşü vilayətdə ermənilərin məhvinə səbəb olacaq. Türkiyənin Kür çayı və Pərvanə gölü vadisində yatırım qoyması antierməni siyasətin tərkib hissəsi deməkdir”. Halbuki, 2014-cü ildən bölgədə Türkiyənin enerji nazirliyinin dəstəyi ilə "Pərvanə SES” inşa edilir. Bunun üçün Türkiyə tərəfi 200 milyon dollar dəyərində yatırım qoyur. Beləliklə bölgənin tamamilə elektrik enerjisi ilə təminatı problemləri çözüləcək. "Bakı-Tiflis-Qars” dəmiryolunun çəkilişi sayəsində Ahısqa vilayətində çoxlu sayda infrastukturlar yaradılıb. Bütün xərcləri Azərbaycan tərəfi ödəyib. "Bakı-Tiflis-Ərzurum” qaz kəmərinin çəkilişi də Azərbaycanın büdcəsi hesabına başa gəlib.
Azərbaycan səbrli mövqe nümayiş etdirdikcə ermənilə daha da azğınlaşırlar
İndi bütün bunları görməzlikdən gəlməyə çalışan ermənilər daha da
azğınlaşıblar. Bu faktları isbat etmək üçün elə erməni mənbələrinə müraciət etmək
yetərlidir. Gürcüstana qarşı etnik separatizm təbliğatı ilə tanınan, Ahısqa vilayətində
"2-ci Qarabağ cəbhəsi”nin açılması ideyasına söykənən və "Erməni Cevaxk
Respublikası”nın yaradılması üçün mübarizə aparan "Virk” partiyasının sədri David
Rstakyan bunları deyib: "Ahısqa vilayətində erməni dili dövlət dili statusu
almalıdır. Vilayət ermənilərə məxsus olduğu üçün, Acarstana, Abxaziyaya və Cənubi
Osetiyaya verilən hüquqi statusdan ermənilər istifadə etməlidir”
(mənbə: https://www.kavkaz-uzel.eu/articles/128712/).
"Ahısqa vilayəti erməni təşkilatları (25 qurum) əlaqələndirmə şurası”nın
başçısı Mels Torosyan isə qeyd edir ki, Gürcüstanda 250 mindən çox erməni əhalisi
yaşayır və buna görə də ölkə parlamentində azından 15 nəfər erməni deputatı təmsil
olunmalıdır.
"Çoxmillətli Gürcüstan Ümumvətəndaş Hərəkatı”nın sədri Arnold Stepanyan isə
bildirir ki, Gürcüstan milli azlıqların heç bir hüquqlarını təmin etmir. Milli
azlıqların kompakt şəkildə yaşadıqları ərazilərdə belə, onlar yerli hökumət
idarələrində işə götürülmürlər. Ahısqa vilayətində erməni məktəblərində erməni
dilində dərslər 4-cü sinfə qədər tədris olunur. Biz tələb edirik ki, erməni
dilində dəsrlər 10 illik olsun. Vilayətdə ermənilər etnik baxımdan üstün
olduqları erməni dilinə regional dövlət dili statusu verilməlidir”
(mənbə: https://www.kavkaz-uzel.eu/articles/126350/).
Ermənilər "Dünya Bankı”ndan da narazıdırlar
2015-ci ildə Dünya Bankı Gürcüstana güzəştli kredit olaraq 60 milyon dollar ayırdı. Bu vəsait əslində Ahısqa vilayətində bir sıra infrastrukturların yenidən qurulması üçün nəzərdə tutulmuşdu. IBDR (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) Ahısqa-Mtsxeta Mtianeti bölgəsi üzrə əlavə maliyyə vəsaiti ayırdı. Beləliklə də bölgənin sosial-iqtisadi baxımdan inkişafına 3-cü kredit tranşı (onmilyonlarla dollar) açıldı. Gürcüstan tərəfinin təklifi ilə daha çox yerli turizmin inkişafına üstünlük verildi. İndi Abbastuman qəsəbəsi Avropanın qış turizmi baxımından ən əlverişli məkanlarından biri hesab olunur
(mənbə:https://nor.ge/?p=29114).
Gürcüstan hökumətinin Avropa Birliyi ilə anlaşmaları sonucu olaraq Ahısqa vilayətində
aqrar sektorun inkişafı ilə bağlı "Aqroinkişaf” şirkəti yaradılıb. Şirkət bölgədə
aqrar sektorun maliyyələşdirilməsi, yatırımların cəlb olunması, həm Gürcüstan,
həm də dünya bazarına çıxarıla biləcək kənd təsərrüfatı məshullarının əkilməsi
və istehsalı üçün iri layihələr hazırlayıb. Bu prosesə cəlb olunan fermerlərə
300 min lari həcmində azfaizli kreditlər də verilir (mənbə: https://bizzone.info/agriculture/2011/1298939997.php).
"Rusiya Erməni Cevaxk Diasporu” təşkilatının sədri Ağasi Ərəbyan vilayətdəki
erməni əhalisinin etirazlarını dilə gətirərək qeyd edir ki, Gürcüstan hökuməti
bölgədə faktiki olaraq heç bir addım atmır. Ölkədə əhalinin ən kasıb təbəqə
Ahısqa vilayətində yaşayır
(mənbə: https://husisapail.wordpress.com/2013/01/03/джавахкская-диаспора-россии-разрабо/).
Salome Zurabişvili: "Ermənilər Gürcüstan siyasətində aktiv olmalıdırlar”
13 mart 2019-cu il tarixdə Gürcüstan prezidenti Salome Zurabişvili İrəvanda səfərdə olarkən mətbuat konfransında bunları deyib: "Gürcüstanda yaşayan ermənilər ölkənin sosial-iqtisadi həyatında aktiv olmalıdırlar. Ermənistan və Gürcüstan iqtisadi, energetika, turizm və nəqliyyat məsələlərində əlaqələrini daha da dərinləşdirməlidir. Mən xüsusilə prezident Armen Sərkisyana təşəkkür edirəm. Ona görə ki, prezident seçilməyimlə bağlı inaqurasiyamda fəxri qonaqlar arasında prezident kimi təkcə o təmsil olunmuşdu. 2018-ci ildə Gürcüstan-Ermənistan ticarət əlaqələri 627 milyon dollar həcmində olub. Gürcüstandan Ermənistana eksportun həcmi 284, Ermənistandan Gürsüstan eksportun tutumu 342 milyon dollar olub. 2018-ci ildə 1 milyon 200 min Ermənistan vətəndaşı Gürcüstana turist kimi gəlib. 2019-cu ildə əlaqələrimizin daha çox artacağına inanıram” (mənbə: https://sputnik-georgia.ru/caucasus/20190313/244666827/armenians-georgia-zurabishivili-jizn-strani.html).
Müasir texnologiyalar və şərtlər əsasında yeni siyasi kursun həyata keçirilməsi
adına bütün təşəbbüslər o zaman alqışlana bilər ki, bu digər səbəblərə kölgə
salmamalıdır. Azərbaycanı sözdə "strateji müttəfiq” elan edən Gürcüstanın azərbaycanlıların
kompakt şəkildə yaşadıqları Borçalı bölgəsinə soyuq münasibəti heç də ürəkaçan
deyil. Ona görə ki, Borçalı bölgəsinə dövlətin və ya xarici investisiya layihələrinin
cəlb edilməsi hallarına nadir hallarda rast gəlinir.
Gürcüstanın azından ərzaq təhlükəsizliyi mənzərəsi də sübut edir ki, Borçalı bölgəsi ilk yerlərdən birini tutur. Bolnisi, Marneuli, Qardabani, Saqareco və Dmanisi rayonlarında sənaye müəssisələrinin sayı, adambaşına düşən milli gəlir, istehsal vasitələrinin qıtlığı ölkənin digər bölgələrindən fərqli olaraq qat-qat aşağı vəziyyətdədir. Yüksək dağlıq bölgəsi Ahısqa vilayətində isə ən üstün səviyyədə erməni əhalisinin sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması üçün yeni-yeni layihələr həyata keçirilir.
Ənvər Yusifoğlu