Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondundan Ermənistana ikinci, ölümcül olmayan yardım tədbiri ilə bağlı Şuraya təklif təqdim edib.
Bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Pedro Fonseca Moniz APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu təklif əvvəlki yardım tədbirinə əsaslanır.
"Şura təklifi gələn həftələrdə nəzərdən keçirməyə başlayacaq”, - Pedro Fonseca Moniz qeyd edib.
Qeyd edək ki, APA özəl mənbələrdən əldə etdiyi məlumatlara əsasən Aİ-nin yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşdığına dair xəbər verib.
Avropa Sülh Fondundan Ermənistana 10 milyon tranş ayrılmışdı
Qeyd edək ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də "Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.
Azərbaycanın reaksiyası
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını "yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım" adlandırmışdı.
"Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.
Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək", - deyə Ayxan Hacızadə vurğulamışdı.
Azərbaycan həmin vaxt Avropa İttifaqı Şurasının qərarı ilə göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini qeyd etmişdi.