“Fransada kişilər nə üçün evlənirlər?- Fransız xörəklərini yemək üçün! Bəs İngiltərədə nə üçün evlənirlər?- Öz kişilik borclarını yerinə yetirmək üçün! Bəs Almaniyada?- Vətənə əsgər vermək üçün! Bəs Hollivudda?- Boşanmaq üçün!”
( Ç.Çaplin)
Hollivuddan fərqli olaraq, Azərbaycanda kişilər boşanmaq üçün evlənmirlər. Çarli Çaplin bu gün yaşasaydı, yəqin ki, bu siyahıya Azərbaycan kişilərini də daxil edərdi.Və “Azərbaycanda kişilər nə üçün evlənirlər” sualına “Təməli möhkəm olan ailə qurmaq, nəsil artırmaq” cavabını verərdi.
Yuxarıda göstərdiyimiz sitatdan aydındır ki, hər ölkədə evlənmək hanısa məqsəd, niyyət üçündür. Yəni, müxtəlif ölkələrdə toy etmək, ailə qurmaq müxtəlif şəkildə- hər yerin öz adət-ənənələrinə, özünəməxsus həyat tərzinə uyğun olaraq həyata keçirilir.
Əslində yazını təqdim etməkdə niyyətimiz sizi hansısa ölkədə olan toy adətləri ilə tanış etmək yox, oxucuları evlənmək üçün ideal görünən aylarla məlumatlandırmaqdır. Əvvəlcədən onu da deyək ki, bu araşdırma qədimdən dədə-babalarımızın söylədiyi fikirlərə, inanclara əsaslanır.
İlin bütün aylarında toy-düyün etmək mümkündür. Ancaq insanların xarakterindən və istəkərindən asılı olaraq, ayları müəyyən etmək olar. Toy etmək üçün ilin bütün aylarına nəzər yetirsək “Mükəmməl ailə qurmaq üçün ilin hansı aylarında toy etmək münasibdir? Yaxud, əksinə. Hansı aylarda evlilik o qədər də məsləhət deyil?”suallarına cavab tapmış olarıq. Beləliklə, başladıq.
Yanvar- Bu ayda evlənmək və ya ərə getmək məsləhət deyil. İnanca və toy əlamətlərinə görə, yanvar ayında toy erkən dulluğa aparır.
Fevral- Soyuq,şaxtalı, qarlı-boranlı qış ayı olmasına baxmayaraq, bu ay evlilik üçün münasib hesab olunur. Həmçinin, bu zaman ailədə əmin-amanlıq, xoşbəxtlik olacağı inancı var.
Mart- yazın gəlişi ilə əlaqədar olaraq, bu ay kişilərin, xüsusilə xanımların həyatında dəyişikliklərin müjdəçisi kimi çıxış edir.
Aprel- yazın ikinci ayı çox dəyişkəndir. Gah isti, gah da soyuq hava öz təsirini göstərir. Bu ayda evlənənlərdə ailə həyatında və münasibətlərdə bu cür dəyişikliklərin, xoşbəxtlik anlarının olması inancı mövcuddur.
May- Tarixən, dədə-babalarımızın dediyinə görə, bu ayda toy etməzlər. Çünki bu ailələrdə tezliklə xəyanətin olacağına inanırlar. Həmçinin mayda yeni ailə quran gənclərin çox əziyyət çəkmələrinə dair fikirlər vardır. Onu da qeyd edək ki, hazırkı dövrdə də bu deyimi əsas tutaraq insanlar may ayında toy etməkdən çəkinirlər.
İyun- Yay hakimiyyətinin ilk ayı evlilik üçün ideal hesab olunur. Əlamətlərə görə, iyun ayında evlənən cütlüklər həyatın keşməkeşlərindən uzaq olurlar.
İyul- İyundan fərqli olaraq, bu ayda xoşbəxt və acı anların bir-birini izləməsi müşahidə olunur.
Avqust- Ailə həyatı üçün əla bir vaxtdır. Deyirlər ki, bu ayda qovuşanlar həm dost, həm də sevgili olacaqlar.
Sentyabr- “Möhkəm ailə həyatı üçün bu ayda evlənmək lazımdır” deyənlər az deyil. Xalq əlamətlərinə görə, bu ayda evlənənləri sakit, şən və hüzurlu ailə həyatı gözləyir.
Oktyabr- Ailə qurmaq üçün məsləhətli zaman deyil. İnanca görə çətin və ağır ailə həyatı oktyabr ayı üçün xarakterikdir.
Noyabr- Evlilik üçün əsl məsləhətli aydır. Ailədə ruzi-bərəkətin bol olacağından xəbər verir.
Dekabr- İlin sonuncu ayı ailə qurmaq üçün yaxşı vaxt hesab olunur. Əlamətlərə görə, dekabrda evlənənlər ailə həyatının hər keçən ili bir-birini daha möhkəm sevəcəklər.
Ümid edirik ki, aylarla bağlı verdiyimiz bu informasiya sizi düşüncələrinizdə yanıtmayacaq. Sonda belə nəticəyə gəlmək olar ki, Yanvar, May, İyul və Oktyabr aylarından başqa, bütün zamanlarda toy etmək, ailə qurmaq məsləhətli hesab olunur. Amma biz bunları dədə-babalarımızın fikirlərinə, inanclarına görə qeydə alıb sizə təqdim etdik. Bəlkə də bu, yazı kimsə üçün zarafat, qeyri-ciddi olacaq. Çünki xoşbəxtlik gətirəcəyi aylarda evlənənlər arasında boşananlar, yəqin ki, vardır. Və ya əksinə. Bütün bunlara baxmayaraq, unutmayın ki, hər bir işdə Uca Allahdan pənah diləmək lazımdır.
Sizi Oxucularımızı çox yormadan fikirlərimi E.Levinin sözləri ilə yekunlaşdırmaq istəyirəm.
“Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Fərz edin ki, evlilik qayıq, ər-arvad isə bir cüt avardır. Ancaq dənizə çıxarkən avarlar həmahəng işləməsə vay halınıza!”
Artıq sözə ehtiyac yoxdur.
Ayşə İsazadə