“Ailə TV”-yə basqın edən 5 gəncin məhkəməsi- “Pulsuzluqdan dedik ki, girək...”

KRİMİNAL
16:44 22.03.2018
2381

Quldurluqda, basqında, adam bıçaqlamaqda və oğurluqda ittiham edilən 5 gənc hakim qarşısına çıxarılıb. Onlar "Ailə TV" kabel televiziyasının ofisinə etdikləri basqınla gündəmə gəlmişdilər. 21-23 yaşlı bu gənclər həbs edildikdən sonra onların başqa cinayət əməlləri törətdikləri də üzə çıxıb. 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Onlar Cianyət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci "qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə təqsirli bilinirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən "Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihama münasibət bildiriblər.

İlk olaraq Kamil Əliyev deyib ki, özünü qismən təqsirli bilir. O, quldurluq törətdiyini, soyuq silah gəzdirdiyini etiraf edib. Amma heç kimin sağlamlığına xəsarət yetirmədiyini söyləyib. Asib Kambarov və Kamran Süleymanov özlərini tam təqsirli bildiklərini deyiblər. Rəşad Əhmədzadə və Orxan Əliyev isə özlərini qətiyyən təqsirli bilmədiklərini söyləyiblər.

Təqsirləndirilənlərdən Kamil Əliyev məhkəmədə sərbəst ifadə verib. O söyləyib ki, "Ailə” TV-nin ofisinə girərək kassadan 3600 manat pul götürüblər: "Amma heç kimi bağlamamışıq. Heç kimə xəsarət yetirməmişik. Ofisə girəndə üstümdə bıçaq olub. Amma heç kimin üstünə bıçaq çəkərək hədə-qorxu gəlməmişəm. 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə verilən ittiham doğru deyil. O qədər quldurluq etmişəm və etiraf edirəm. Amma bunu etməmişəm. Həmin vaxt orada dava etmişik. Vüsal Orucovu orada mən yumruqla vurmuşam. Amma onu bıçaqla kimin vurduğunu bilməmişəm. Sonra da Nizami rayonunda lombarda girmişik. 1200 manat da oradan aparmışıq. Həmin vaxt cibimdə soyuq silah, bıçaq olub”.

Kamil Əliyev onu da söyləyib ki, bu cinayət əməllərini pulsuzluqdan ediblər: "Yol ilə gedirdik. Pulsuzluqdan dedik ki, girək lombarda. Yəni əvvəlcədən planlaşdırılmış iş deyildi”.

Digər təqsirləndirilən şəxs Kamran Süleymanov da ifadəsində "Ailə” TV-yə basqını etiraf edib. Digər cinayət əməlləri barədə isə bunları söyləyib:

"Lombarda girəndə isə orada qadın var idi. Sonradan adını öyrəndim ki, Kamilə Mədətovadır. 1250 manat var idi. İki nəfər içəri girdik. Mənimlə Əhmədzadə içəri girəndə Orxan Əliyev də çöldə gözləyirdi. Pulları götürüb çölə çıxdıq və qaçdıq. Pulu 3 nəfər böldük. Əldə etdiyimiz pulu da xərcləmişəm”.

Kamran Süleymanov ziyanın ödənildiyini və əməlindən 100 faiz peşman olduğunu bildirib.

Növbəti məhkəmə iclası aprelin 2-də davam edəcək.


OXŞAR XƏBƏRLƏR