Akif Aşırlı Azərbaycanın 130 illik "Kaspi"sindən yazdı - MƏQALƏ

Akif Aşırlı Azərbaycanın 130 illik "Kaspi"sindən yazdı - MƏQALƏ
MEDİA
16:41 22.11.2011
2726

Akif Aşırlı

Azərbaycanın 130 illik "Kaspi"si

Milli mətbuatımızın bünövrə daşı olan "Əkinçi" qəzeti bağlandından üç il sonra Ünsizadə qardaşlarının ərsəyə gətirdikləri "Ziya" qəzeti 1879-cu ilin yanvarında Tiflisdə işıq üzü gördü. Daşbasma üsulu ilə çox çətinliklə nəşr olunan, əsasən islami birliyə, maarifçiliyə sədaqət nümayiş etdirən "Ziya"nın məhdud oxucu auditoriyası vardı. Xalq həyatını işıqlandıracaq anadilli mətbuatın yoxluğunu Bakıda rusca nəşr olunan "Kaspi" qəzeti doldurmağa çalışırdı. "Ziya" ilə bir dövrdə intişar tapan "Kaspi"nin yaranması ideyasının müəllifi "Bakinskiy izvestiya" qəzetinin redaktoru B.V.Kuzmin idi. İlk 28 sayı həftədə iki dəfə, 1891-ci ilin iyulundan həftədə 3 dəfə, 1894-cü ildən isə gündəlik nəşr olunan "Kaspi"nin bütövlükdə 10 min 65 nüsxəsi işıq üzü görmüşdür. 38 illik fəaliyyəti dövründə Rusiyada, Qafqazda və dünyada baş verən ictimai-siyasi hadisələri öz səhifələrinə köçürən, tarixin müxtəlif mərhələlərində faktların təhrifə uğramadan günümüzədək gəlib çatmasında "Kaspi"nin rolu danılmazdı. Azərbaycan tarixinin XIX əsrin sonları XX əsrin əvvəllərinin öyrənilməsində qiymətli məxəz olaraq "Kaspi" qəzetindəki faktlar, siyasi-publisistik materiallar, çeşidli informasiyalar elmi araşdırmaların zənginləşməsinə fayda verib və indi də bu materiallar əhəmiyyətini qorumaqdadır. Öncə rus klassik jurnalistika ənənələrinin daşıyıcısı olaraq nəşr olunan və bununla da Azərbaycan anadilli mətbuatına müsbət mənada öz təsirini göstərən "Kaspi" əsil peşəkarlıq nümunəsi idi.

1897-ci ildə böyük azərbaycanlı, mesenat Hacı Zeynalabdin Tağıyevdən "Kaspi"ni icarəyə götürən, çox keçmədən "Rus kaspi"sini "Müsəlman kaspi"sinə çevirən Əlimərdan bəy Topçubaşov qəzetin dili ilə bağlı münasibəti bu qəzeti rusdilli hesab edərək Azərbaycan mətbuatı tarixində daşımış olduğu missiyanı kiçiltməyə çalışanlara tutarlı cavab saymaq olar. Nəinki Azərbaycanın, Rusiya müsəlmanlarının həyatında böyük rola malik, milli dirçəlişin, müstəqilliyin yol göstərəni olan Əlimərdan bəy Topçubaşov bu barədə «Azərbaycanın yol göstərəni» əsərində yazır: "Kaspi"nin Türk-Azərbaycan deyil, rus dilində nəşri ayrıca qeyd edilməlidir. Təbii ki, ana dilindən imtina məcburiyyət üzündən yol verilmiş mənfi cəhət kimi qiymətləndirilməməlidir. Çünki Qafqaz rəhbərliyi həmin dövrdə müsəlmanlara öz doğma ana dilində qəzet çapına, ümumiyyətlə, hər hansı nəşriyyat fəaliyyətinə icazə vermirdi. Hətta rus dilindəki nəşrlərin sayı da o qədər çox deyildi". Müxtəlif vaxtlarda qəzetə Kuzmin, V.Liçkus - Xomutov, K.M.Karyagin, Sokolinski, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Andrey Veynberq rəhbərlik etsə də, "Kaspi" öz qəzetçilik xəttini dövrün ictimai-siyasi proseslərinə, dəyişikliklərinə uyğunlaşdıra bildi və bununla da öz uzunömürlüyünü, nüfuzunu qoruyub saxlamağı bacardı. Beləliklə də "Kaspi"nin adı uzun müddət bütün Zaqafqaziya miqyasında yeganə gündəlik qəzet kimi tarixiləşdi.Klassik qəzetçilik ənənələrinə söykənən, ilk və son səhifələrində reklamlar dərc edərək özünü maliyyələşdirmə imkanları qazanan qəzetdə müxtəlif rubrikalar altında Rusiyada baş verənlər, Qafqaz xalqlarının həyatı, mədəniyyəti, dünyanın müxtəlif ölkələrindəki olaylar oxuculara təqdim olunurdu. "Kaspi" daha çox fakt jurnalistikasının məhsulu olaraq, informasiyaların sayı, keyfiyyəti, coğrafi əhatəliyi baxımdan digər rusdilli mətbu orqanından seçilirdi. "Kaspi"nin yaranışından başlayaraq "Gündəlik həyatdan", "Eskizlər", "Bizə yazırlar", "Neft şöbəsi", "Məhkəmə xronikası", "Bakı həyatı", "Dənizdən xəbərlər ", "Mətbuat xülasəsi", "Yerli xəbərlər" rubrikaları daim fəaliyyət göstərir, redaktor və yaradıcı heyət dəyişmələri bu rubrikaların çapına təsir göstərmirdi. Bu prinsip qəzet proqramının Qafqaz idarəsi rəhbərliyi ilə razılaşdırılmasından doğurdusa, digər tərəfdən yaradıcı kollektivin ənənələrə sadiqliyinin göstəricisi idi. İnformasiyanın çevik ötürülməsində "Kaspi" Şərq mətbuatı tipinə aid olan anadilli qəzetlərimizə öz müsbət təsirini göstərdi. 1905-ci ildən sonra nəşrə başlayan "Həyat" və "İrşad" qəzetlərində xarici teleqraf agentliklərinin məlumatlarına istinadlar, informasiyaları operativ ötürmələri "Kaspi" ilə qarşılıqlı əməkdaşlıqdan qaynaqlanırdı. Belə ki, H.Zərdabi, Ə.Topçubaşov, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov, Əli bəy Hüseynzadə, Rza bəy Xəlilov, R.Məlikov, Mehdi bəy Hacınski anadilli jurnalistlərimiz "Kaspi" ilə fəal əməkdaşlıq edirdilər. Dövrün tanınmış bu qələm sahiblərinin timsalında qəzet Rusiya müsəlmanlarının əsas tirbunası olmaqla yanaşı, "müsəlman həmrəyliyi" ideyasının da əsas mərkəzinə çevrildi. Redaksiya əməkdaşları Volqa boyundakı, xüsusən də Nijni-Novqorod, Kazan, Ufa, Orenburq, Samara kimi şəhərlərdə, habelə Krım tatarları ilə sıx əlaqə saxlayır, onların ictimai-mədəni həyatı ilə bağlı müxtəlif səpkili materiallar çap edirdi. Əksər müsəlman ölkələrində "Kaspi"nin oxucuları və abunəçiləri vardı. Qəzetin illik abunəsi 7 rubl idi... "Kaspi"nin 38 illik mətbu irsini sistemli şəkildə araşdırılsa və fəaliyyətinin müxtəlif dönəmlərindəki ideyalar, istiqamətlər qruplaşdırılsa təqribən belə bir mənzərə yaranar:1.1891-1905-ci illər. Bu dövrdə klassik jurnalistika ənənələrindən yararlanaraq senzuranın çərçivələrinə uyğun qəzetçilik siyasəti yürüdülürdü. İctimai rəydə qəzetin "Müsəlman Kaspi"sinə çevrilməsi və qəzetin Azərbaycan ziyalılarının tədricən əsas tribunası rolunu oynaması da bu dövrdə baş verdi. 2. 1905-1913-cü illər. Birinci rus inqilabı kimi xarakterizə olunan 1905-ci ildə mətbuat və söz azadlığına qoyulan qadağaların yumşaldılması "Kaspi"nin dirçəliş dövrüdür. Azərbaycan türklərinin milli oyanışına təkan verən təsisatların yaradılması və təbliğatı bu dövrün qəzet səhifələrində açıq şəkildə görmək mümkündür. Həmçinin "Daşnaksütyun" partiyasının və erməni ictimai-siyasi təşkilatlarının Qafqazda müsəlmanlara qarşı törətdikləri soyqırım hərəkətlərinə qarşı qəzetdə mütəmadi olaraq aparılan təbliğatı da bu sıraya aid etmək olar.3. 1914-1918-ci illər. Rusiya imperiyasının obyektiv tarixi səbəblərdən çöküşü, əsirlərcə əzilən xalqların öz müqəddəratını təyin etmə haqları uğrunda mübarizəsi, Rusiyada əzilən müsəlmanların həmrəyliyi və təşkilatlanması barəsində siyasi-analitik yazıların, informasiyaların dərci qəzetin fəaliyyətinin bu dövründə daha aydın görsənir. "Kaspi" qəzetinin naşir-redaktoru Ə.Topçubaşovun müsəlman-türk dünyasında liderliyinin qəbulu da bu proseslərə təkan verirdi.4. 1918-1919-cu illər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına, milli hökumətin formalaşma prosesinə informasiya dəstəyinin təmini "Kaspi"nin əsas qayəsinə çevrildi.***Azərbaycanın maarifçilik hərəkatına, mədəniyyətinə öz təsirini göstərən "Kaspi"nin materiallarına 1905-ci ildən sonra "Həyat" və "İrşad" qəzetləri istinadlar edir, bəzi informasiyaları Azərbaycan türkcəsinə çevirərək öz oxucularına çatdırırdılar. M.Ə.Sabirin vəfatının 40-cı günü Mehdi bəy Hacınskinin "Müsəlmanlara"müraciətinin dərci anadilli mətbu orqanlarda, ziyalılar arasında müzakirəyə səbəb oldu. M.Hacınski "Müsəlman aləminin ilk satirik şairi" M.Ə.Sabirin vəfatına diqqət yönəldərək yazırdı: "Biz Qafqaz müsəlmanlarına, xeyirxahlara müraciət edərək, onların öz şair və yazıçılarının şərəfinə heykəl qoyan avropalıların yolu ilə getməyə çağırırıq. M.Ə.Sabirin buna ehtiyacı yoxdur, fəqət ona lazım olan şey - əsərlərini nəşr etməkdir". Qəzet təkcə bu müraciəti çap etmədi, M.Hacınskinin çağırışına səs verən, onunla həmrəy olan azərbaycanlı ziyalıların mövqeyini də işıqlandırdı. Böyük Azərbaycan yazıçısı Nəcəf bəy Vəzirovun qızı, 2-ci şəhər rus-tatar məktəbinin müəllimi Sara xanım Vəzirovanın M.Ə.Sabirin əsərlərinin kitab halında çapı üçün öz məvacibindən 5 rubl ödəməyə hazır olması barəsində xəbər yaydı. Maarifpərvər Azərbaycan xanımı S.Vəzirovanın ilk təşəbbüsçülərə qatılması barəsində "Kaspi"yə istinadən "Yeni İrşad" qəzeti də məlumat dərc etdi. S.Vəzirova "Yeni İrşad" qəzetinə göndərdiyi məktubda yazırdı: "Miri - ürfanpərvər müdir əfəndi! Möhtərəm "Kaspi" qəzetəsində Mehdi bəy imzalı, şair-şəhirimiz Sabir əfəndi həqqində bir məqalə yazı dərc olunmuşdur. Məqalədə müşairilehy Mehdi bəy cənabları mərhum Sabirin əsərlərini çap etmək təklifini etmişdir. Böylə ki, əsərlərdən cəm olunmuş pul mərhum Sabirin ailəsinə məsrəf olunsun. Özümə borc bildim ki, bu az məbləği gələcəkdə Sabirin əsərlərinin çap olmaq üçün cəm olan sərmayəyə daxil edəsiniz". M.Ə.Sabirin əsərlərinin kitab halında çap olunması ilə bağlı "Kaspi" təkcə məsələ qaldırmadı, redaksiyanın mətbəəsi ilk dəfə olaraq 1912-ci ilin axırında şairin "Molla Nəsrəddin" jurnalında çap olunmuş şeirlərinin "Hopopnamə" adı ilə 104 səhifədə nəşr etdi. ***Üzeyir bəy Hacıbəylinin Azərbaycan mədəniyyətinə gətirdiyi yeniliklər, milli operanın əsasını qoyması bəzi anadilli mətbu orqanların, o cümlədən "Tuti" dərgisinin iradları ilə qarşılasa da, "Kaspi" əks mövqe nümayiş etdirirdi. Dünya və Avropa mədəniyyətini təbliğ edən "Kaspi" qəzeti Üzeyir bəyin "Leyli və Məcnun" operası barəsində yazırdı: "Nicat" cəmiyyəti dram və opera əsərləri üçün müsabiqə elan edir. Cəmiyyət bu günlərdə gənc publisist və musiqiçi Üzeyir Hacıbəylinin tərtib etdiyi "Leyli və Məcnun" operasının nəşri və quruluş haqqını almışdır. Bu müsəlman həyatında ilk operadır, özü də Tağıyev teatrında oynanılacaqdır. Gənc kompozitor Füzuli poeması əsasında opera yazmış və onun əsərlərindən operaya daxil etmişdir. Truppa təşkil edilmiş və müəllifin rəhbərliyi altında tamaşa hazırlanır. Operaya böyük xərc sərf edilmişdir". "Leyli və Məcnun" operasının səhnə quruluşu haqqında geniş resenziya çap edən "Kaspi" bu barədə təəssüratları belə dəyərləndirirdi: "Gənc kompozitor Üzeyir Hacıbəylinin ilk təcrübəsi olan "Leyli və Məcnun" operası Şərqin "Romeo və Cülyetta"sı idi. Bu opera kütlənin son dərəcə xoşuna gəldi və hər dəfə göstərilərkən teatr az qala ağzına qədər dolu idi". "Leyli və Məcnun", "Arşın mal alan", "Şah İsmayıl" kimi ilk klassik operalarımızın təqdimatı və təbliğində "Kaspi"nin yaradıcı heyəti böyük rol oynadı. Belə ki, Bakı teatrlarında oynanılan müxtəlif Avropa və Qərb müəlliflərinin əsərlərini, afişalarını ilk səhifədə reklam şəklində çap edən qəzetdə milli dram və operalarımızın təqdimi xüsusi yer tutur. Bu, Azərbaycan mədəniyyətinin Rusiyada və "Kaspi"nin oxunduğu bir çox ölkələrdə təbliği demək idi. Mətbuat tariximizdə öz əzəmətli yeri, mövqeyi ilə seçilən, "Azərbaycan" qəzetinin ilk baş redaktoru Ceyhun bəy Hacıbəyli də 1916-cı ildən başlayaraq "Kaspi" ilə əməkdaşlıq edərək, Rusiya müsəlmanlarının həyatı, onların öz hüquq azadlıqlarının təmini üçün xeyli sayda məqalə ilə çap etdirməyə başladı. "Müsəlmanın qeydi" rubrikası altında çap edilən yazılarda Ceyhun bəy, "Rusiya ruslar üçündür" ideyasının zərəri barədə düşüncələrini oxuculara çatdırır və bu ideoloq sahiblərini ciddi arqumentlərlə tənqid edirdi. Rusiyada yaşayan 30 milyon müsəlmanın "gəlmə deyil, öz tarixi torpaqlarında yaşadıqlarını", müsəlmanlara belə "kliçkanın" qoyulmasının yolverilməz olduğunu bildirir, 30 milyon müsəlman əcnəbi, yaxud gəlmə ola bilməz deyirdi. Rusiyada yaşayan bütün xalqların hamısının vətəndaş olduğunu həm siyasi, həm də hüquqi baxımdan əsaslandıran C.Hacıbəyli hər bir xalqın milli mədəniyyətə sahib olduğunu vurğulayırdı. C.Hacıbəyli "Dağıstani" imzası ilə "Kaspi"də çap etdirdiyi məqalələrdə müsəlman həmrəyliyi ideyasını irəli sürür, müsəlmanların digər xalqlarla birgə azad yaşamaq istəyini qələmə alırdı. Azərbaycan xalqının milli Novruz bayramı ilə əlaqədar Bakı müsəlmanları cəmiyyətinin keçirdiyi tədbirdən reportaj hazırlayan Ceyhun bəy M.H.Hacınskinin, F.X.Xoyskinin, M.Ə.Rəsulzadənin Rusiyada müvəqqəti hakimiyyətin təşkilindən sonra siyasi düşüncələrinə də toxunur, onların çıxışlarından fraqmentlər verir. Milli siyasi liderlər həmin dönəmlər Azərbaycan muxtariyyatı ideyasını müdafiə edirdilər və Rusiyanın yenidən təşkili üçün müxtəlif ideyalar, fikirlər səsləndirirdilər. Bakı müsəlmanlarının Novruz bayramı tədbirində digər xalqların nümayəndələrinin iştirakı, onların çıxışları da Ceyhun bəyin bu reportajında əksini tapmasının bir anlamı da Azərbaycanın gələcək siyasi taleyində heç bir etnik ayrıseçkiliyə yol verilməyəcəyinin nişanəsidir. C.Hacıbəylinin "Kaspi"dəki fəaliyyəti bununla yekunlaşmır. Azərbaycan xalqının təşkilatlanması, siyasi baxımdan hazırlıqların əldə olunması, erməni terroruna qarşı mübarizəsi, "Kaspi"nin 1917-ci ildəki nəşrlərində daha çox görünür. 1917-ci ilin aprel ayından başlayaraq "Bakı Müsəlmanları Müdafiə Cəmiyyətinin xəbərləri" adlı xüsusi buraxılış demək olar ki, 1918-ci ilin əvvəllərinədək "Kaspi"nin 6-cı səhifəsində dərc olunub. Buna qəzet içərisində qəzet də demək mümkündür və Cümhuriyyət tariximizin araşdırıcıları üçün bu buraxılış əsas tədqiqat mənbəyi ola bilər. Buraxılışın ilk sayı 30 aprel (13 may) 1917-ci ildə Aley Aleksandrovun redaktorluğu ilə buraxılıb. "Redaksiyadan" müraciət məqaləsində "Bakı Müsəlmanları Müdafiə Komitəsinin "Xəbərlər"inin nəşrinin məqsəd və məramı açıqlanır və sonda göstərilir ki, korrispondensiyalar, xəbərlər "Kaspi" qəzeti redaksiyasına təqdim olunmalıdır. Məhz ilk buraxılışda C.Hacıbəylinin "Qardaş köməyi" adlı məqaləsi də dərc olunub. Bu məqalədə Ceyhun bəy Qars, Ərzurum, Ərdahan, Otul, Rizə kimi türk bölgələrindən Azərbaycanın Güneyinə, Qafqazın digər bölgələrinə pənah aparan, erməni-rus hərb birliklərinin törətdikləri faciədən əziyyət çəkən müsəlman övladlarına yardım göstərilməsini xalqdan təvəqqe edir. A.Aleksandrovdan sonra 1917-ci ilin iyun ayından etibarən buraxılışa müvəqqəti redaktorluğu Ceyhun bəy Hacıbəyliyə həvalə olunur. Bu dönəmlərdə Rusiya müsəlmanlarının həyatı, ictimai fəallığı ilə bağlı yazıları Azərbaycan türklərinin qarşılaşdığı çətinliklər, Qarabağda baş qaldıran erməni separatizminə qarşı çıxışlar, bölgə xəbərləri, Azərbaycan ziyalılarının dünyada baş verən proseslərlə bağlı mövqeləri əvəz etdi. R.Axundzadənin, S.İbrahimin, Kərim bəy Məmmədovun, Abdul Cavanın, Hacı bəyin, Hacı bəy Şirvanskinin, Əli Heydər Mövsümzadənin, Fətəli Xan Xoyskinin, M.Hacınskinin xüsusi buraxılışda bir-birindən istiqamətcə fərqli məqalələri dərc olundu. 1917-ci id sentyabr ayından sonra C.Hacıbəyli buraxılışın müvəqqəti redaktorluğundan getdi və bir müddət xüsusi səhifə redaksiya heyəti tərəfindən hazırlandı.***** 1905-ci ildə ermənilərin Qafqazın müxtəlif bölgələrində yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə, soyqırım faktlarına, Türkiyənin Şərq vilayətlərində erməni dövləti qurmaq iddialarına cavab olaraq "Kaspi" kəskin mövqedə dayandı. 1905-ci ilin dekabrından başlayaraq 1906-cı ilin ortalarınadək demək olar ki, qəzetin hər bir sayında bu barədə ətraflı məlumatlar var. Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, İsmayıl bəy Səfərəlibəyovun, Mehdi Hacınskinin, azərbaycanlıların hamisi, xeyriyyəçi-mesanat Hacı Zeynalabdin Tağıyevin ermənilərin törətdikləri soyqırımların qarşısının alınması yönündə çalışmaları və millətin mühafizəsi üçün atdıqları addımlar oxucuların diqqətinə çatdırılırdı. Rusiya qəzetlərinə yol tapan yalançı erməni təbliğatına qarşı aparılan mübarizənin bütöv salnaməsini də qəzet daha aydın, dolğun faktlarla tarixiləşdirib. Ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda törətdikləri qətliamlardan, vəhşiliklərdən yaxa qurtarıb öz tarixi yurdlarını tərk etmiş azərbaycanlılara ilk maddi yardım göstərilməsi barədə qəzetin 31 dekabr 1905-ci il tarixli sayında ətraflı məlumat verilir. Dərc olunan məqalədə deyilir ki, Qazaxda artıq 6 kənd ermənilər tərəfindən dağıdılıb, insanlar yurd-yuvalarını tərk ediblər. Milli məsələlərdə həmişə ön cərgədə mücadilə aparan mesanat İsmayıl bəy Səfərəlibəyovun evində Hacı Zeynalabdin Tağıyev başda olmaqla Azərbaycan ziyalıları, xeyriyyəçiləri toplaşaraq erməni zülmündən əziyyət çəkən, yurd-yuvalarını tərk edərək aclıq və səfalət içərisində inləyən soydaşlarımıza maddi kömək göstərilməsini qərarlaşdırdılar. Hacı Zeynalabdin Tağıyev zərərçəkənlərə yardım fonduna 5 min rubl ödədi, digər ziyalılar da ianə toplanmasında iştirak etdilər. Bu çətin, ağır günlərdə qəzetə redaktorluğu Əlimərdan bəy Topçubaşov və Həsən bəy Zərdabi etməsinin özü də milli maraqların qorunması, ermənilərin apardığı yalan, birtərəfli təbliğatın qarşısının alınması baxımından diqqət çəkir. 1905-ci ilin oktyabrından 1906-cı ilin iyun ayına qədər Həsən bəy Zərdabi, 1906-cı ilin oktyabrından isə Ə.Topçubaşov "Kaspi"nin "sükanı arxası"na keçir.«Kaspi»nin naşirinin redaktorluğa başlaması erməniləri narahat etməyə bilməzdi. Dərin hüquqi və siyasi biliyi olan, Rusiya Müsəlmanları Qurultayının əsas təşkilatçısı, lideri Əlimərdan bəy Topçubaşov erməni və rus qəzetlərinin əsas hədəfinə çevrildi, əleyhinə yazılar yazıldı. «Kaspi»nin 14 dekabr 1905-ci il sayında Əlimərdan bəy erməni iddialarına cavab olaraq «Bakı» qəzeti haqqında «İki söz» adlı qısa, lakin kəskin bir cavab verdi. Bakı qırğınlarında ermənilərin «Daşnaksütyun» partiyasının milli nifaq siyasətini yerinə yetirdiyini, qarşıdurmanın onların günahı ucbatından yarandığını qeyd etdi. «Kaspi» qəzetində ermənilərin böhtanlarına bir neçə dəfə tutarlı cavab verən Əlimərdan bəy 1906-cı ildə Tiflisdə Qafqaz canişinliyinin təşkilatçılığı ilə açılan qurultaya qatıldı. Qurultayın təşkilatçıları ermənilərin «Mşak» və «Armeniya» qəzetlərinin redaktorları ilə yanaşı «İrşad» qəzetinin redaktoru Əhməd bəy Ağaoğlu və «Kaspi»nin redaktoru Əlimərdan bəyi müzakirələrə dəvət etdi. Həmişə olduğu kimi Qafqazda yaşanan qanlı olayların səbəbini Çar Rusiyasının bölgədəki səlahiyyətlilərinin erməniləri müdafiə etməsindən, «Daşnaksütyun» partiyasının Böyük Ermənistan xülyasından və terrorçu siyasətindən doğduğunu dəlil və faktlarla qurultayda dilə gətirdi. Məsləkdaşı Əhməd bəy Ağaoğlu ilə birgə erməni iddialarının əsassızlığını sübut etdi. «Kaspi» qəzeti 1906-cı ilin fevral ayından başlayaraq aprel ayının əvvəllərinədək demək olar ki, hər bir sayında Tiflisdə keçirilən «Müsəlman-erməni qurultayı»ndan materiallar çap etdirib. Qurultayın bütöv stenoqramı ilə yanaşı korrispondensiyalar, kiçik informasiyalar da qəzetdə öz əksini tapıb. Tədbirdə «Kaspi»ni xüsusi müxbir C.Sultanov təmsil edirdi. «Kaspi» Azərbaycanın bölgələrində ermənilərin törətdikləri faciələrə də geniş yer verib. Qəzetin 24 mart 1906-cı il tarixli sayında «Bizə yazırlar» rubrikası altında dərc olunan informasiyada deyilir: «Martın 22-də Kürdəmirdə 10 nəfər erməni saxlanılıb. Şamaxıdan gələn furqonlu arabada ermənilərə məxsus silah-sursat tutulub». Qəzetin 25 may 1906-cı il sayında A.Vəzirovun «Yelizavetpol Quberniyasında hadisələr» məqaləsində erməni silahlılarının Gəncədə törətdikləri faciələr, qanlı olaylar qələmə alınıb. Həsən bəy Zərdabinin 1905-ci ildə müvəqqəti redaktorluğu dönəmində qəzetin əsas ana rubrikaları saxlanılsa da, əsas diqqət Azərbaycan əyalətlərinə, orada baş verən hadisələrin təqdimatına və yalançı erməni təbliğatına qarşı yönəldildi. Rusiyanın mərkəzi qəzetlərində, konkret olaraq "Sın oteçestva", "Naşa jizn", "Sankt Peterburqskiy vedmosti" qəzetlərində erməni və rus jurnalistlərinin 1905-ci il hadisələrinə birtərəfli, həddən-ziyadə qeyri-obyektiv yazılarına qarşı çıxışlar da Həsən bəy Zərdabinin rəhbərliyi dövrünə təsadüf edir. Ermənilərin Qafqazda törətdikləri soyqırıma diqqət yönəltməyib, faktların təhrifi ilə məşğul olanlara ən tutarlı cavabları R.Məlikov "Kaspi"nin 1906-cı il 10 yanvar, 18 yanvar tarixlərində dərc edib. Mərkəzi rus və erməni mətbuatında Qafqaz müsəlmanlarının "panislamizmə" mübtəla olması və hadisələrin bu ideyadan doğduğunu iddia edənlərə qarşı R.Məlikov tutarlı arqumentlər gətirir, iki xalq arasında yaşanan olayların erməni millətçi kəsiminin iddiasından yarandığını göstərirdi.***Erməni millətçi kəsimi 1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Neftçalada 30 min insanı qətlə yetirməklə yanaşı, milli təsisatları sıradan çıxaran zaman «Kaspi» qəzeti redaksiyasını da unutmadı. «İsmailiyyə» binası ilə qonşu olan «Açıq söz» və «Kaspi» qəzeti redaksiyaları dağıdıldı, sonra od vurulub yandırıldı. «Kaspi»nin redaksiyası ilə yanaşı, mətbəəsi də alova büründü. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən bəlli olur ki, «Kaspi»nin mətbəəsində çap olunan 5 min Quran kitabı da yanaraq külə dönüb. «Kaspi»də mürəttib kimi çalışıb 1918-ci il qarğınlarının canlı şahidi olan, 1919-cu ildə «Turan» mətbəəsində «Mart hadisəsi 1918-ci il…» kitabını çap etdirən Seyidağa Axundzadə vaxtilə çalışdığı mətbəənin xarabazara çevrilməsini bu cür təsvir edir: «Bu gün seşənbə günü, mart ayının iyirmisi saət on birdən etibarən müharibə milli bir rəng almış idi. Ona bianən də saət bir radələri idi, ermənilər tərəfindən müsəlman məhlələrinə hücum edilib Nikolayevski caddə də (indiki İstiqlaliyyət küçəsi) onlar tərəfindən işğal edildi və Cəmiyyəti xeyriyyə binası da onların əlinə keçdi. Hətta şəhər idarəsi binasına qədər yürüş edib, idarəni də əllərinə aldılar və oraya mitralyoz və toplar yerləşdirib İçərişəhəri xarabazara döndərmək istiyorlardı… Qoşun dərhal şəhər bağı cənubundan hücum edib mitralyozdan səri atəşlər açıyorlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyi qərara alıb Cəmiyyəti Xeyriyyə binasına və «Açıq söz», «Kaspi» mətbəə və idarələrinə od vururlar». Erməni-daşnak birləşmələrinin 31 martda törətdikləri soyqırım hadisələrindən fotofakt kimi günümüzə gəlib çatmış rəsmlərdən biri də «Kaspi»nin yandırılmasından sonrakı mənzərədir. «Azərbaycan» qəzeti soyqırımın ildönümünə həsr olunmuş 1919-cu il 31 mart sayında bu şəkli çap edərək tarixiləşdirmiş və həmin fotofakt günümüzədək gəlib çatmışdır.38 illik nəşr dövründə "Kaspi"nin bir neçə dəfə yubileyi keçirilib. 1891-ci ilin yanvarın əvvəlində 10 illiyini bayram buraxılışı ilə qeyd edən qəzet keçib-gəldiyi yola nəzər salır, üzləşdikləri çətinlikləri xatırlayaraq yazırdı: "Kütlə yeni mətbuat orqanına şübhə ilə yanaşır, bir çoxu isə qəzeti çox sərt qarşılayırdı. Bütün ziyalıların içərisində məqalələrini bu yeni mətbuat orqanında çap etdirmək qərarına gələn, özü də çox gizlin surətdə bunu edən bir-iki adam güc-bəla ilə tapılırdı". Bütün çətinliklərə baxmayaraq redaksiyanın öz ətrafında milliyyətcə və əqidəcə müxtəlif publisistləri toplamasını qəzet uğur adlandırırdı."Kaspi"nin 1906-cı ilin yanvarın 1-də keçirilən 25 illik yubileyi daha yaddaqalan oldu. "Həyat" qəzeti "Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetinin 25 illik davamı" məqaləsində yubiley tədbiri ilə bağlı geniş reportajında yaradıcı və texniki kollektivi barəsində məlumatlarla yanaşı, qəzetin sahibi Hacı Zeynalabdin Tağıyevin və baş redaktoru Əlimərdan bəy Topçubaşovun əməkdaşlarla münasibəti, mətbu sözə bu şəxsiyyətlərin verdikləri dəyər barəsində maraqlı detallar var. Bakıda hadisələrin gərgin dönəmində 1905-ci ilin dekabrın 31-də "Kaspi"nin əməkdaşları bir araya gəlib qəzetənin baş mühərriri Əlimərdan bəy Topçubaşovu yubiley münasibəti ilə təbrik edir və sonra qocaman əməkdaşlardan biri kollektiv adından nitq irad edir: "Ürfanpərvərimiz, baş mühərrirlərimiz. Bu gün biz özümüzü xoşbəxt hesab edirik. Sizin bu "Kaspi" qəzetəsinin iyirmi beş illik davamı ilə öylə maneələr qabağında davam etməniz çox böyük işdir. Biz xoşbəxtik ki, bu davamiyyət günü özümüzə görə bayram edirik. Allah həm sizə, həm də bizlərə kömək etsin ki, biz daha artıq bu işdə iş görək". Kollektiv tərəfindən öncədən hazırlanmış təbrik məktubunu, o dövrün təbirincə desək, adresi Əlimərdan bəyə redaksiyanın qocaman üzvü Saakov təqdim edir. Uzun bir nitq irad edən Əlimərdan bəy qəzetin yubiley tədbirinə "fəxri imtiyaz sahibi və naşiri cənab Zeynalabdin Tağıyevin gələcəyini" söyləyərək, kollektivin buna hazırlaşmasını, bir yerə cəm olunmasını tapşırır. 1906-ci ilin ilk yanvar günü Hacı Zeynalabdin Tağıyevin "Həyat" və "Kaspi"nin redaksiyaya təşrifi ilə qəzetin 25 illik yubileyini bayram etdilər. Hacı Zeynalabdin Tağıyevin redaksiyaya gəlişi məqalədə bu cür təsvir olunur: "Qocaman əməkdaşlardan biri "əlində fəxri adres-ünvan (yəni təbrik məktubu) tutub Hacıya xitabən söyləyir: "Biz fəxr edə bilərik, bu iyirmi beş il tamam olduqda "Kaspi" qəzetəsi Qafqazın, ələlxüsus Bakı şəhərinin mədəni tərəqqisinə səy edib çalışmada olmuşdur. Buna görə də bizim üçün bayramdır". Ötən ildə qəzetin yubileyini qeyd etmək istədiklərinin, lakin baş verən proseslərə görə tədbirin təxirə salındığını söyləyən natiq təbrik məktubunu yenə də Saakova verdi ki, Hacıya təqdim etsin. Saakovun təqdimatından sonra Əlimərdan bəy Hacı Zeynalabdin Tağıyevin tədbirdə iştirakından məmnun olduğunu söylədi və Saakovun 25 il qəzetdə çalışmasını xatırladı və dedi: "Nə növ vicdanlı söz və maarif yolunda qəzetədə işləyib, iş görüb zəhmət çəkirsiniz. Allah eləsin ki, böyləcə qəzetin əlli illiyin görək". Bundan sonra müsəlman mürəttiblərinin baş mürəttibi Salman Nərimanov (Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun böyük qardaşı) Hacı Zeynalabdinə təşəkkür edərək dedi: "Bizim, nə qədər imkanımız var, bu maarif işində çalışacayıq".Bayram tədbirində Hacı Zeynalabdin Tağıyevin yaxın dostu, Azərbaycan ədəbiyyatı tarixində islami əsərləri ilə seçilən, Turançılıq ideologiyasının əsas simalarından olan, Abdulla Şaiqin qardaşı Axund Yusif Ziya da iştirak edərək öz fikirlərini söyləyərək, Hacı Zeynalabdinin millət qarşısında böyük xidmətlərini sadalamlayıb. Sonra Hacı Zeynalabdin çıxış edir: "...Şəkk yoxdur ki, dünyanın işi həm zəhmət, həm pul ilədir. Zəhmət pulsuz iş görə bilməz və həm pul zəhmətsiz iş görə bilməz. Bəs lazımdır ki, bizlərin hər iki tərəfdən öz bacarığımız, qüvvəmizi göstərək. Mən teatr tikdirdim və qəzetə aldım, fikir elədim ki, bu iki şeyin vücudu ilə mən aləmin əksini xalqa bildirə bilərəm. Bunların hər ikisi bizim üçün mühüm məsələlərdəndir".Hacının Azərbaycan dilində söylədiklərinin rus dilinə Əlimərdan bəy Topçubaşov tərcümə edirdi. Sonra söz Ə.Topçubaşovun müavini, dövrün tanınmış ictimai xadimi, publisisti Mehdi bəy Hacınskiyə verildi və o "Kaspi"nin nəşr tarixindən, cəmiyyətə verdiyi xeyirdən danışdı və fikrini qəzetin sabiq senzorun sözləri ilə yekunlaşdırdı: "Kaspi"nin zəhmət məsələsini qalxızmağı üçün böyük dəlil "Kaspi"nin senzorunun bu sözləridir: «Ah, «Kaspi»nin əlindən ki, əvvəlinci cəridədir (yəni qəzetdir) ki, Bakıda rənci-zəhmət məsələsini qalxızdı".Çıxışlar yekunlaşandan sonra Hacı Zeynalabdin redaksiya əməkdaşlarını mükafatlandırır. Milliyyətcə rus olan əməkdaşlara 100 manat, azərbaycanlılara da 50 manat verir. "Müsəlman mürəttiblər öz bayram büsatından əl çəkməyərək" aldıqları mükafatı Qarabağda ac qalan müsəlman qardaşlarına göndərirlər. Çünki "Kaspi"nin yubiley tədbiri keçirilən ərəfədə ermənilər Qarabağda dinc əhaliyə qarşı soyqırımlar həyata keçirmiş, insanlar yurd-yuvasından didərgin düşmüşdülər. Qəzetin azərbaycanlı əməkdaşları öz qan qardaşlarının vəziyyətini nəzərə alıb, aldıqları mükafatı poçt vasitəsilə onlara göndərməyi qərarlaşdırdılar.Belə bir tarixi mətbu missiyanın davamçısı olan «Kaspi» qəzeti əməkdaşlarının 130 illik zaman kəsiyinə baxmayaraq bu gün öz sələflərinə çox bənzəyirlər. Peşəkarlığa söykənərək milli maraq və mənafeləri əzmlə qoruyan, parçalanmış, sərhəd bütünlüyü pozulmuş Azərbaycanın bütövlüyü uğrunda çalışan qələm dostlarımız erməni terrorizminə, yalanlarına qarşı inadla informasiya mübarizəsi aparırlar. Bu gün «Kaspi» maarifçiliyi, intellektual jurnalistika sisteminin formalaşmasını, dəqiq xəbər ötürmə missiyasını şərəflə yerinə yetirir.
OXŞAR XƏBƏRLƏR