“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı AZXEBER.COM portalına müsahibə verib. Müsahibəni təqdim edirik.
-Akif müəllim, “20 yanvar” hadisəsinin mətbuatda işıqlandırılması size qane edirmi?
- Düşünürəm ki, media nümayəndələri hər zaman bu məsələni obyektiv şəkildə qələmə alıblar. Kifayət qədər həm bizdə, həm də digər mətbuat orqanlarında bu mövzuya yer verilib. İlk dəfə bu barədə Azərbaycan jurnalistləri, məsələn, Elmira Əmrahqızı və başqaları dünyaya çatdırıblar. Bununla erməni vandalizmi dünyaya sübut edilib. Hansı ki, hələ o vaxtlar senzura da mövcud idi. Bizim jurnalistlərimiz belə şəraitlərdə faktları yazmaqdan çəkinməyiblər. O dövrlərdə “Səhər” qəzeti təsis olunmuşdu. Bu qəzet “20 yanvar” hadisələri ilə bağlı qırğınların miqyası barədə, şəhidlər barədə xüsusi buraxılış nəşr etdirmişdi.
-Cəmiyyətdə “20 yanvar” faciəsini bir qrup insanlar şərəf günü, digər bir qrup insanlar isə faciə günü kimi adlandırırlar. Sizin buna münasibətiniz?
- Əlbəttə mən həm də tarixçi kimi deyə bilərəm ki, bu gün qəhrəmanlıq, şərəf günüdür. Azərbaycan bu hadisə ilə öz müstəqilliyini ortaya qoydu. O şəhidlər bizim istiqlal şəhidlərimizdir. Düşünürəm ki, bu gün qəhrəmanlıq günü kimi dünyaya təqdim edilməlidir. Belə bir tarixi günə faciəvi don geydirməklə dövlətçiliyə xələl gətirilməməlidir. Unutmaq lazım deyil ki, imperiyanı çökdürən həm də bizim şəhidlərimiz oldu.
-Günahkarlar hələ də cəzalandırılmayıb, bu məsələ ilə bağlı dövlət orqanlarından hansı addımı atmalarını gözləyirsiniz?
- Bu məsələyə hüquqi-siyasi qiymət verilib, günahkarlar açıqlanıb. Yazov, Qarbaçov hələ də beynəlxalq məhkəmədə müzakirəyə çıxarılmayıblar. Niyə? Halbuki, minlərlə insanın öldürülməsi, körpələrə qəsd edilməsi, ölkənin şəhid verməsi hüquqi faktlarımızın olduğunu göstərir. Əlbəttə ki, ictimai müzakirələrin aparılması cəmiyyətdə normal bir haldır. Ancaq bunu daxili qüvvələrin üzərinə atmaq da yanlışdır. Bu baxımdan jurnalistlər yazdıqlarına diqqət yetirməli, xüsusən belə həssas məsələlərdə nə yazdıqlarını dərk etməlidirlər. Məsələn, Eynulla Fətullayev Xocalı Faciəsi haqqında yazdığı materialla bağlı Xocalı faciəsinin beynəlxalq arenada tanınmasına böyük xələl gətirdi. Belə jurnalistlərə imkan vermək lazım deyil.
-Bəs siz “Şərq” qəzeti olaraq “20 yanvar” hadisəsi ilə bağlı hansı tədbirləri görmüsünüz?
- Bilirsiniz, mətbuatı hər zaman günahlandırırlar. Keçən dəfə taksi sürücülərinin etirazı zamanı onlar media nümayəndələrini günahlandırıb dedilər ki, jurnalistlər bizim problemlərimizi işıqlandırmırlar. Həmin taksi sürücülərindən soruşmaq lazımdır ki, sən bu günə qədər hansı qəzeti alıb oxumusan? Bizim yazdıqlarımız o vaxt dəyərli olar ki, o yazının oxucusu olsun. Qeyd etməliyəm ki, mətbuat öz işini çox gözəl yerinə yetirir. Və milli məsələlərdə həmişə yaxından iştirak edib, millətin maraqlarını qorumağa çalışır.
-Akif müəllim, Mətbuat Şurası tez-tez reket jurnalistlərin siyahısını mətbuata açıqlayır. Siz özünüz bu siyahının obyektiv hazırlandığına inanırsınızmı?
- Reket jurnalistlər media sahəsində olan qara yaralardır. Bunu kəsib atmaq asan məsələ deyil. Bu yaranın məlhəmini başqa yerdə axtarmaq lazımdır. Hazırda Azərbaycanda yeni media yaranmaqdadır. Bu mediada peşəkarlıq məsələsi isə əsas problemlərdən biridir.
-Akif müəllim, bildiyiniz kimi bir neçə gün bundan öncə bir qrup kibercinayətkarlar tərəfindən Azərbaycanın bir çox dövlət resursları və bir neçə xəbər portalları haker hücumuna məruz qaldı. Sizcə ölkədə internet təhlükəsizliyinin durumu nə yerdədir?
- Hələ heç kim bilmir ki, bu hücumları kim təşkil edib və hansı ölkədən olub. Düşünürəm ki, Azərbaycan dövləti internet təhlükəsizliyi ilə bağlı ciddi işlər görməlidir.
Gülnarə BAYRAMOVA