AZXEBER.COM-un "facebook ulduzları" rubrikasının bu dəfəki qonağı Çində təhsil alan, hazırda isə "İrəli" İctimai Birliyində çin dilini tədris edən Aliyə Haşımovadır. "Çində yaşamaq o qədər də asan məsələ deyil"- Aliyə, "facebook ulduzları" rubrikasında gənc yaşda uğur qazanan gənclərə tribuna verərik. Düşünürəm ki, sən də kifayət qədər uğurlu gəncsən. İlk olaraq oxucularımıza özün haqda məlumat verərdin zəhmət olmasa…
- Mən Aliyə Haşımova 3 noyabr 1991-ci ildə Sumqayıtda anadan olmuşam və 33 nömrəli məktəbi bitirmişəm. Heç vaxt əlaçı və müəllimlərin sevimlisi olmamışam. Ancaq universitetə daxil olandan sonra bütün həyatım dəyişdi. Anamın arzusu ilə Bakı Dövlət Universitetinin Regionşünaslıq fakultəsinin Çin dili ixtasasına daxil oldum. 2011-ci ildə Konfutsi İnstitutunun açılışında iştirak edəndən sonra mən Çin Xalq Respublikasına getdim və dövlət təqaüd ilə Çində Anxoy Universitetində bir il ərzində təhsil aldım. Hazırda isə “İrəli” İctimai birliyində Çin dili müəlliməsi kimi fəaliyyət göstərirəm.
- Aliyə, çin dilinə maraq səndə necə yarandı?
- Qeyd etdiyim kimi, anama qulaq asıb fakultəni seçdim və səmimi deyim ki, bu fakültəyə daxil olarkən o qədər də sevinməmişdim. Heç ağlıma gəlməzdi ki, bu dil məni özünə cəlb edəcək. Çin qədim tarixi, fəlsəfəsi, adət-ənənələri olan bir ölkədir. Ancaq Çinin bütün dünyada ikinci olan iqtisadiyyatı və "yumşaq güc" siyasəti məni məcbur etdi ki, çin dilinə maraq oyansın. Və beləcə Çini və onların dilini sevməyə başladım (gülür)
- Çində yaşamış bir gənc kimi istərdim Çinlə Azərbaycanı müqayisə edəsən. Oxşar və fərqli cəhətlərimiz nədir?
Tarix boyu bizi əlaqələndirən əsas məqam İpək yoludur. Həm də çinlilər də bizimki kimi istiqanlı, gülərüzlü insanlardır. Fərqimiz isə dilimiz, dinimiz, adət-ənənəmiz, yeməklərimiz və s. Bir azərbaycanlı üçün Çində yaşamaq o qədər də asan məsələ deyil. Çində həm də bütün sahələrdə inkişaf etmiş modellər heyata keçirilir.
"Çinlilər çox qonaqpərvər və istiqanlı insanlardı"
- Aliyə, hazırda “İrəli”də çin dilindən dərs deyirsən. Gənclərimizin Çin dilinə marağı nə dərəcədədir və ən çox nəyə görə Çin dilini öyrənmək istəyirlər?
- “İrəli”yə gəlməmişdən öncə düşünürdüm ki, gənclərimiz Çin dilini ona görə öyrənir ki, gələcəkdə orada biznes qursunlar. Amma “İrəli”də dərs deməyə başlayan sonra gördüm ki, bu heç də belə deyil. Mənim tələbələrim Çində magistr və bakalavt pilləsində oxumaq üçün dil öyrənir. Həm də onlar dünyada məşhur olan Çin rəssamlıq məktəbinə daha dərindən yiyələnmək və çin ədəbiyyatını orijinaldan oxumaq istəyirlər. Bütün bunlar məni çox sevindirir.
- Aliyə, Çində təhsil almaq üçün gənclərimiz daha çox nəyi bilməlidir?
İlk növbədə bilməlidirlər ki Çinə çatan kimi onlar mədəniyyət şoku yaşayacaqlar və heç nə yeyə bilməyəcəklər. İlk günlərdə yeməklərin dadı bir az qəribə gələcək, ora uyğunlaşmaq xeyli vaxt alacaq. Ancaq sizi əmin edirəm ki, çinlilər çox qonaqpərvər və istiqanlı insanlardı. Təhsil alma müddətində isə bütün vaxtlarını Çin dilinə sərf etməlidirlər. Çünki Çində elə şəhərlər var ki, orada ingilis dilində heç kim başa düşmür.
"Azərbaycanda ailə qurmaq və yaşamaq istiyirəm"
- Çindən bu qədər ağızdolusu danışdın. Bəs nə vaxtsa Çinə gəlin gedərsənmi?
- Qətiyən yox. Buna nə ailəm razı olar, nə də özüm.
- Ailəni anladıq, bəs özün niyə razı olmazsan ki? Çinlilərin nəyi bəyənmirsən?
- Birincisi və önəmlisi dinimiz fərqlidir. Onların çoxus ya ateistdilər, ya da buddizmə ibadət edirlər. ikincisi adət-ənənələrimizin fərqliliyi, üçüncüsü isə mən Azərbaycanda ailə qurmaq və yaşamaq istiyirəm.
- Aliyə, Çində səni ən çox hansı millətə bənzədirdilər?
- Ən çox tatarlara bənzədirdilər.
"Hər bir xanım təkcə öz ailəsinə yox, cəmiyyətə də faydalı olmalıdır"
- Bəs Azərbaycan haqda nə bilirlər çinlilər?
- Azərbaycan onlar üçün zəngin neft ölkəsidir, Cənubi Qafqazın iqtisadiyyat və siyasət baxımından ən inkişaf etmiş ölkəsidir. Onların bilikləri həm Sovet dövründən qalan məlumatlara, həm də müasir və müstəqil Azərbaycan haqqında olan yeniliklərə əsaslanır.- Aliyə, bizim cəmiyyətdə belə bir streotip var ki, qızlar ərə gedəndən sonra ictimai fəaliyyətlə məşğul olmurlar. Sən nə düşünürsən bu haqda?
- Mən bu stereotipi qırmaq istərdim. Bilirəm ki, çətin olacaq, amma mənim fikrimcə hər bir xanım təkcə öz ailəsinə yox, cəmiyyətə də faydalı olmalıdır. Biz öz təhsilimizi, öz biliklərimizi təkcə övladlarımıza yox, hər kəsə çatdırmalıyıq. Mən də inşAllah ailə həyatı qurandan sonra bu yolla gedəcəm.
- Son olaraq nə demək istərdin oxucularımıza
- “Go to China and enjoy it! ...” (Çinə gedin və işləyin Red.)
Bir daha sizə səmimi müsahibəyə və maraqlı suallara görə təşəkkür edirəm. Ümid edirəm ki, mənim xoşuma gələn bu müsahibəni oxucularınız da bəyənəcək. Sonda isə demək istəyirəm ki, Çinin sirləri bilməyə 100 insanın ömrü də bəs etməz.Hacıbəy Heydərli,AZXEBER.COM










