'Allah bizi yaradıb, amma ölümü hər an bizim yadımıza salmır' Ayan Babakişiyeva (MÜSAHİBƏ)

MAQAZİN
16:41 08.12.2014
7416

Son günlər şəxsi həyatında ən qalmaqallı olayla yadda qalan müğənni Ayan Babakişiyeva bir çox məsələlərə aydınlıq gətirib.

Müğənninin AZXEBER.COM-a verdiyi müsahibəni təqdim edirik:

- Əvvəla, bilmək maraqlıdır ki, Ayana nə əyan deyil?

- Mənə insanların səhv etdikdən sonra o səhvlərdən nəticə çıxartmaqdansa, dönə-dönə eyni səhvləri niyə təkrarladıqları əyan deyil.

- Özünüz etdiyiniz səhvləri heç vaxt təkrarlamamısınız?

- Mənim də həyatımda bir neçə dəfə “kobud” səhvlərim olub. Amma təkrarlamamağa çalışmışam.

- Sonrakı peşmançılıq fayda verməz, deyirlər. Digər tərəfdən, ziyanın yarısından qayıtmaq da xeyirdir kimi bir fikir var. Bir sözlə, etdiyiniz səhvlər sizi “bataqlıq”a salıbmı?

- Xeyir, bataqlığa düşməmişəm. Ola bilər ki, kimlərsə məni ora dartmaq istəyib, amma bunu bacarmayıblar. Ümumiyyətlə, şou-biznesdə olan “çirkablıq”a bulaşmayan tək-tük müğənnilərdən biri də mənəm. Bunu əminliklə deyə bilərəm.

- Qələm götürüb, nə yazmaq istəyirsiniz?

- Əvvəllər qələm götürüb Babakişiyeva Ayan yazırdım. İndi isə ancaq qızımın adını – Selena, Selena, Selana... yazıram (gülür).

- Sizdə sadəcə cazibə var, yoxsa “vəhşi” cazibəyə sahibsiniz?

- İlk öncə bir söz deyim. Deyirlər ki, çirkin xanım yoxdur, baxımsız var. Mənə görə, çirkin xanım da var. Ancaq onların özünəməxsus “vəhşi” bir cazibəsi olur. Mənə gəldikdə isə, mən özümü gözəl saymıram. Simamda daha çox şirinlik və cazibə təzahür edir. Bir də eşitmişəm ki, cüssə baxımında kiçik olan xanımlar daha çox sevilirlər (gülür).

- Hal-hazırda sevilirsiniz?

- Bəli, ailəm, yaxınlarım tərəfindən sevilirəm.

 - Bəs konkret bir əks-cinsin nümayəndəsi tərəfindən necə?

- Hələ ki, həyatımda heç kim yoxdur.

- Ola bilərmi ki, bundan sonra nə vaxtsa gəlinlik libası geyinəsiniz?

- Qismətdə varsa, niyə də olmasın. Sevmək və sevilmək hər zaman var.

- Sevgidən söz düşmüşkən, məşhur “Leyli”nin yerində olsanız nə edərdiniz?

- Mənə o vaxt “Leyli və Məcnun” poemasının məzmununu danışanda deyirdilər ki, onlar sonda qovuşanda əvvəlki sevgilərinin şirinliyini dadmırlar. Yəni ki, çətini vüsala çatana qədər olur. Bu səbəbdən də, Leylinin yerində olmaq istəməzdim.

- Ayanın əli pul ilə “oynayır” desələr, yanılarlar?

- Pul əlimdə oynayır, ancaq hara getdiyini heç özüm də bilmirəm (gülür).

- Xəyallar sizi çox uzaqlara aparır?

- Xəyalpərəst insan deyiləm. Reallıqlarla barışmağa çalışıram.

- Nəyin qarşısında “donub” qalmısınız?

- Görərkən şoka keçirtdiyim, heyrətləndiyim şeylər olub. Amma cismimin “donmağına” imkan verməmişəm. Amma bunun nə olduğunu demək istəmirəm.

- Şou-binezsin “çirkablıq”ından uzaqda qalan müğənni olduğunuzu vurğuladınız. Pis vərdişlərinizi olmayıb? Ən sadəsi, siqaret çəkməmisiniz, yaxud da sipirtli içiklərdən istifadə etməmisiniz?

- Siqaret çəkməmişəm, ümumiyyətlə, onun qoxusu mənə pis təsir edir. Amma yaxınlarımın şad günlərində, məclislərində sərxoşedici içkilər (məsələn, şərab) içmişəm.

- Sərxoş olmusunuz?

- Heç vaxt sərxoş olacaq qədər içki qəbul etməmişəm.

- Dayandığınız nöqtədən çevrənizdəki insanlar arasındakı məsafə azdır, yoxsa çox?

- Bunu dəqiq deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, həmişə özümə bir çərçivə cızmışam. Amma o çərçivənin o yanı mənim üçün görünəndir. Hər şeyi, hər kəsi şəffaf və aydın müşahidə edə bilirəm.

- Bu çərçivə qadağalar anlamına da gəlir?

- Qətiyyən. Özümə heç bir qadağa qoymamışam. Məncə, insan özünə heç bir qadağa qoymamalıdır. Ruhunu azad buraxsa, daha gözəl olar.

- Qocalacağınızı düşünəndə hansı hisləri keçirdirsiniz?

- Qocalmaq məni heç vaxt qorxutmayıb, eyni zamanda da ölüm. Həmişə bir şeyi fikirləşirəm, Allah bizi yaradıb, amma ölümü hər an bizim yadımıza salmır. Biz hər gün ölümü xatırlamırıq. Bəlkə bunun da bir hikməti var.

- Axı niyə..? Bu sualın cavabını özlüyünüzdə tapa bilmisiniz?

- Bu sualla dəfələrlə özümə müraciət etmişəm. Amma cavabsız qalıb, təəssüf ki. Cavabını tapa bilmədiyim üçün də daha axtarmadım və üç nöqtə qoydum...

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR